AZ

Etimad və səmimiyyət olan yerdə...

Aİ Şurası Prezidentinin Bakıda səsləndirdiyi nikbin fikirlər belə dialoqdan xəbər verir

Antonio Koştanın Avropa İttifaqı Şurasının Prezidenti qismində Bakıya birinci səfəri və burada mətbuat üçün verdiyi, pozitiv notlara köklənmiş bəyanatı ayrıca yanaşma və analiz tələb edir. Həqiqətən də “qoca qitə”nin nüfuzlu siyasi institutlarının rəsmilərindən heç biri özünü bu qədər səmimi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ölkəmizə münasibətdə bunca xoşməramlı və sayğıdəyər aparmamışdı.

Aydın məsələdir ki, Avropa İttifaqına üzv ölkələrin, demək olar ki, hamısının Bakıdan umacağı var. Amma burada söhbət təkcə onların Azərbaycan qazına, neftinə olan ehtiyacından getmir. Uzaq prespektivə yönəlik layihələrin birgə reallaşdırılması da daim Bakının gündəmində olub və bunlar dəfələrlə avropalı tərəfdaşlarının nəzərinə çatdırılıb. Açığını deyək ki, ilk dəfə idi ki, Antonio Koştanın şəxsində Bakının səsinə səs verən və ölkəmizi bütün müstəvilərdə dəstəkləməyə hazır olan diplomatı görürdük. Mətbuat üçün bəyanatında onun dilindən səslənən “Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyur” – ifadəsi heç də gəlişigözəl söz deyildi.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin zəminində qarşılıqlı anlaşma mühitinin və etibarlı tərəfdaşlıq səylərinin dayandığını deyə bilərik. Bunun təməlinin isə Azərbaycan və Aİ liderləri arasında 2025-ci ilin may ayında Tiranada və ötən ilin oktyabr ayında Kopenhagendə keçirilən konstruktiv görüşlər zamanı qoyulduğu şübhəsizdir. Məhz həmin görüşlər ikitərəfli münasibətləri müsbət məcraya yönəlməsinə səbəb oldu və ondan sonra il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar baş tutdu. Bütün bunlar Azərbaycanın – Aİ münasibətlərinin inkişafına öz töhfəsini vermiş oldu. Hesab edirik ki, Antonio Koşta münasibətlərin yeni mərhələsini vurğulayanda müsbət dinamikalı təmasların əməkdaşlığı yeni səviyyəyə yüksəltməsini nəzərdə tuturdu. Əməkdaşlıq üçün əlverişli şəraiti isə Azərbaycan lideri İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş diplomatiyası ərsəyə gətirib.

Prezidentlərin mətbuat üçün verdikləri bəyanatların əsas mahiyyətini Azərbaycan–Aİ münasibətlərinin yeni mərhələsi, strateji tərəfdaşlığın yüksək səviyyədə təsdiqlənməsi tezisləri təşkil edirdi. Bəyanatlar Azərbaycanla Aİ arasında münasibətlərin ortaq maraqları əks etdirən, etimad, hörmət, bərabərlik və qarşıqlıqlı fayda prinsiplərinə əsaslanan strateji əməkdaşlıq olduğunu əyani şəkildə göstərdi. Çıxışında 2025-ci il 8 avqust Vaşinqton Sammitini, orada imzalanan Birgə Bəyannaməni, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini alqışlayan Antonio Koşta, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərini də vurğulamağı unutmadı. Əslində, bu təqdir və dəstək Azərbaycanın bölgədə və dünyada apardığı sülh siyasəti və yaratdığı yeni reallıqların etirafı kimi qəbul edilməlidir.

***

Yeri gəlmişkən, dünən XIII Qlobal Bakı Forumunun “Qlobal təhlükəsizlik və güclər balansı: Beynəlxalq hüquqa hörmət – Yeni məsələlər, yeni çağırışlar” mövzusundakı panel dinləmələrdə Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişelin çıxışı ilə Antonio Koştanın Bakıda verdiyi tezislər arasında paralellər aparmaq maraqlı olardı. Şarl Mişel bildirib ki, Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik, Avropada rəqabət və investisiya çağırışları ilə yanaşı, beynəlxalq hüquq normalarına ehtiram məsələsi də ciddi sınaqla üz-üzədir: “Avropa İttifaqının əsas prinsipləri – sülh, rifah və demokratik dəyərlər hazırda müxtəlif təhdidlər altındadır”. Qitənin ən ali siyasi qurumunun sabiq rəhbərinin itirilməkdə olan prinsip və dəyərlərlə bağlı həyəcan təbili çalması bir çox mətləblərdən xəbər verir. Sabiq prezident haqlı olaraq bildirib ki, Avropa İttifaqı daxilində və xaricində ikili standartlara meyil beynəlxalq hüquq və seçki sisteminə zərər verən ciddi problemdir. Şarl Mişel mövcud vəziyyətdə Aİ səviyyəsində alternativ strategiyaların hazırlanmasını, iqtisadi əsasların gücləndirilməsini, tənzimləmənin daha ağıllı şəkildə həyata keçirilməsini, təhlükəsizlik və müdafiə sahəsində bacarıqların artırılmasını və etibarlı tərəfdaşlıqların yaradılmasını önə çəkib. Bu çağırışları Azərbaycan Prezidenti İlham Əliyev son beş ildə ən mötəbər tribunalardan dəfələrlə edib. Dünən ölkəmizin haqq səsini eşitmək, reallığı görmək istəməyənlərin qulaqlarını və gözlərini gen açmaq məqamı yetişib...

Tofiq ABBASOV,
siyasi icmalçı

Bəli, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yeni mərhələyə keçməsindən danışmaq üçün ciddi əsaslar var. Bizə görə, Antonio Koşta avropalı məmurlar arasında ən səmimi diplomatlardan biridir. Çünki o, digərlərindən fərqli olaraq bir qədər cənublu, Şərq mentalitetinə yaxın adamdır. Yəni qərblilələrə məxsus təkəbbür, yekəxana davranış Koştanın davranışında hiss olunmur. Bu, çox vacib göstəricilərdən biridir. Onun mətbuat üçün verdiyi bəyanatında Avropanın nüfuzlu şirkətlərini Azərbaycanla əməkdaşlığa səsləyəcəyini vurğulaması da önəmli məsələdir. Axı biz çoxdan bilirdik ki, Avropa təsisatlarının siyasi kuluarlarında Azərbaycan, Türkiyə, ümumiyyətlə, Şərq ölkələri ilə bağlı ögey, bir qədər də anlaşılmaz münasibət var. Artıq bu cür münasibətin yavaş-yavaş aradan qalxdığını müşahidə edirik. Anlayıblar ki, xüsusilə Azərbaycan belə saymaz münasibətə layiq deyil. Həmin “qoca qitə” ölkəmizin enerji potensialını, bölgə ilə Avropa arasında oynadığı dəhliz və körpü rolunu görür və bundan faydalanır.

Rəsmi Bakı ortaq maraqlara xidmət edən böyük layihələrlə bağlı təkliflər irəli sürüb, çıxışlar edib. Əvvəllər onların bu təşəbbüslərə necə etinasız yanaşmalarının az şahidi olmamışıq. Amma Azərbaycan təşəbbüslərini reallaşdırmağa başlayanda bunun bəhrəsini ən çox onlar görür. Antonio Koşta Orta Dəhlizə böyük ümidlər bəslədiklərini, Asiya ilə Avropa arasında kommunikasiyanın olmasının vacibliyini açıq şəkildə bildirdi. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan çoxdan düzgün, ədalətli və işıqlı yola tərəf mövqe tutur. Məhz avropalılar qaranlıq zolağın üstündə idilər və bu işığı görmək istəmirdilər. İndi isə Bakının ərsəyə gətirdiyi imtiyazlı imkanlardan istifadə edirlər. Buna baxmayaraq, Avropa Parlamentində bu gün də bizə qarşı məkrli, qərəzli insanların əyləşdiyini də bilirik. Onlar Azərbaycanın konkret və səmimi addımları ilə qazandığı etimadı siyasi kapitala çevirdiyinə qibtə ilə baxırlar. Amma rəsmi Bakının yaratdığı bərabərhüquqlu, şəffaf və qarşıqlıqlı hörmətə söykənən siyasi atmosferi hamı kimi onlar da hiss edirlər.

İ.HƏSƏNQALA
XQ

Seçilən
13
1
xalqqazeti.az

2Mənbələr