AZ

ABŞ tankerlərdı olan Rusiya neftinin satışına müvəqqəti icazə verib

Vaşinqton 12 martadək tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsulları üzrə əməliyyatların məhdud müddətdə davam etdirilməsinə icazə verib...

Poliqon xəbər verir ki, ABŞ-nin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 12 mart tarixinə qədər tankerlərə yüklənmiş Rusiya nefti və neft məhsulları ilə bağlı əməliyyatların həyata keçirilməsinə müvəqqəti icazə verildiyini açıqlayıb. Qərara əsasən, bu tarixədək gəmilərə yüklənmiş xammalla bağlı satış, tədarük və boşaltma əməliyyatları 11 aprelədək davam etdirilə bilər.

Bildirilir ki, sözügedən qərar artıq yolda olan və müxtəlif istiqamətlərə daşınan neft yüklərinin hüquqi və logistika baxımından bloklanmasının qarşısını almaq məqsədi daşıyır. ABŞ tərəfi bu addımı qlobal enerji bazarında mümkün təchizat problemlərinin qarşısını almaq üçün texniki xarakterli müvəqqəti tədbir kimi qiymətləndirir.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qərara münasibət bildirərək qeyd edib ki, söhbət tranzitdə olan təxminən 100 milyon barel Rusiya neftindən gedir. Onun sözlərinə görə, bu qərar qlobal enerji bazarının reallıqlarını göstərir. “ABŞ faktiki olaraq aşkar olanı etiraf edir: Rusiya nefti olmadan qlobal enerji bazarı sabit qala bilməz”, – deyə Dmitriyev vurğulayıb.

ABŞ-nin maliyyə naziri Skott Bessent isə qərarın məhdud və qısamüddətli xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, bu icazə yalnız artıq tankerlərə yüklənmiş və daşınma prosesində olan neftə şamil edilir və yeni tədarükləri əhatə etmir.

Nazir əlavə edib ki, bu addımın Rusiya hökuməti üçün ciddi maliyyə faydası gətirəcəyi gözlənilmir. Bessentin sözlərinə görə, Rusiya dövlətinin əsas gəlirləri neftin ixracından deyil, hasilat üzrə tətbiq olunan vergilərdən formalaşır.

Analitiklər hesab edirlər ki, Vaşinqtonun bu qərarı qlobal enerji bazarında kəskin dalğalanmaların qarşısını almaq və artıq yola çıxmış yüklərin hüquqi statusunu tənzimləmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr