Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 7000 manatadək cərimə və 5 ilədək həbs ediləcək.
Bu qanun ifadə azadlığı və sosial şəbəkələrdə satira və ya parodiya paylaşımlarına təsir edə bilərmi?
Hansı halda cərimə olmaz?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Yadigar Məmmədli bildirib:

“Bütün dövrlərdə qanunvericiliklərə zamanla müəyyən dəyişikliklər əlavə edilir. Bu, həmin zamanın tələbidir. Son dövrlər süni intellektin inkişaf etməsi və bütün sahələrdə istifadə olunması təbii ki, müvafiq qanunvericilikdə öz əksini tapmalı idi”.
Ekspertin sözlərinə görə, süni intellektdən istifadə bir çox məqamlarda insanların işlərinin sürətlənməsi üçün kömək edir. Amma bundan mənfi hallar üçün də istifadə edirlər. Bu, sosial şəbəkələrdə çox geniş yayılıb.
“Məşhur insanlarla bağlı süni intellekt üzərindən saxta məlumatlar yayılır. Və bunu təhqiramiz, şəxsiyyətin alçaldılması kimi hallara qədər aparır. Ona görə də müvafiq qanunvericilikdə dəyişiklik edilib ki, süni intellekt üzərindən insanların şərəf və ləyaqətini alçaldan, fəaliyyətinə kölgə salan feyk məlumatlar geniş yayılarsa, həmin şəxslər müvafiq olaraq cərimələnsinlər”, — deyə Yadigar Məmmədli əlavə edib.
Bu qanunun ədalətli olduğunu deyən ekspert qeyd edib:
“Durduğun yerdə sosial şəbəkələrdə haqqında real olmayan məlumatlar yayılır və məsələni həqiqət tərəfə çevirmək mümkünsüz olur. Buna görə də belə bir qərarın verilməsi ümumi işin xeyrinə olacaq”.
Satira və parodiya məsələsinə toxunan ekspert vurğulayıb:
“Hər zaman tanınmış şəxslərin, ictimai əhəmiyyət daşıyan insanların haqqında təbii ki, zarafat fonunda və parodiya formasında hər hansı bir məlumatlar gedib. Bu, istər mətbuatda, istərsə də indiki halda sosial şəbəkələrdə olsun, fərq etmir. Söhbət parodiyanın ruhundan asılıdır. Əgər təhqir və linç elementləri yoxdursa, bunu parodiya kimi qəbul etmək olar. Bu, mənə elə gəlir ki, ciddi problem yaratmaz. Çünki linç etmədə bir qərəz var. Xoşməramlı olduqda, ümid edirəm ki, sərt cəzalar tətbiq edilməz”.
Dəniz Pənahova
KONKRET.az