AZ

Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı

Apteklər şəbəkəsinə sahib olan “Dokta” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus apteklərdə yoxlama aparılıb. 
Yenicag.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) əməkdaşları tərəfindən həyata keçirilib.
Binəqədi rayonunda MMC-yə məxsus aptekdə otaqların divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan, dezinfeksiyaedici vasitənin istifadəsi ilə nəm təmizləməyə davamlı olan örtüyə malik olmadığı, dərman vasitəsinin (Fulisinar 15q məlhəm) saxlanma şəraitinin pozulması, resept əsasında buraxılmalı olan (euroxim 100 mg/5 ml.ş 50ml) dərman vasitəsinin reseptsiz satışı faktları aşkar edilib.
“Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə “Dokta” MMC İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 1200 manat məbləğində cərimə edilib. MMC-yə məxsus aptektdə aşkar edilmiş saxlanma şəraiti pozulmuş inzibati xətanın bilavasitə obyekti olan 3 qutu, 15q “Fulisinar” məlhəmin məhv edilməsi barədə də qərar qəbul olunub.
Qeyd edək ki, əczaçılıq sahəsində fəaliyyət göstərən “Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Muxtarov Elməddin Fəxrəddin oğludur. Millət vəkili Cavanşir Feyziyev barəsində mediada dərc edilən araşdırma materiallarında da “Dokta” MMC-nin deputata məxsus olduğu iddia edilir. Bu iddiaların təkzib olmasına dair heç bir məlumata rast gəlinmir.
Cavanşir Fyeziyevin həm də “Avromed” şirkətinin sahibi olduğu bildirilir. Bu şirkət dərman bazarının ən iri şirkətlərindən hesab edilir.
Seçilən
78
2
yenicag.az

3Mənbələr