AZ

Deputat: Kəndliyə velosiped zolaqları şəklində verilən torpaq sahələrindən  necə istifadə etsin?

Burada hökumətin hesabatı haqqında səslənən bütün müsbət fikirlərlə həmrəy olduğumu bildirirəm və təmsil etdiyim Lerik və Astara rayonlarında vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. 

Ölkə.az xəbər verir ki, bunu deputat Vasif Qafarov parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Lerik və Astara rayonlarının böyük turizm potensialı var və bu potensial əsas etibarilə bu rayonların meşə fondu ərazilərində yerləşir:  "Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb. Bu da bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və bölgənin böyük turizm potensialının reallaşmasına imkan vermir. İndiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və ölkə iqtisadiyyatına mühüm töhfələr verib. Bunu nəzəzə almağınızı və bölgədə turizm sahəsinə yeni investisiyaların cəlb edilməsi üçün meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsini təmin etməyi xahiş edirəm.

İkinci mühüm məqam isə 1996-cı ildə həyata keçirilən Aqrar İslahat zamanı Astara rayonunun Pensər, Siyaku, Kakalos və Suparibağ ərazi inzibati dairələri üzrə 412 hektar ərazi 4954 ailə arasında bölüşdürülüb. Hər bir ailəyə 1-5 sot, bəzi hallarda 10 sota qədər torpaq sahəsi düşüb. Ən problemli məsələlərdən biri də odur ki, 1-5 sot torpaq alan ailəyə bu torpaq elə bir şəkildə kəsilib verilib ki, bu torpağı istifadə etmək faktiki olaraq qeyri-mümkündür. 30-50 sm və ya 1 metr enində və 100-150-200 metr uzunluğunda velosiped zolaqları şəklində verilən bu torpaq sahələrindən kəndli faktiki olaraq istifadə edə bilmir. Bu, mümkün də deyil. Bu torpaqların hansısa bir sahibkar tərəfindən satın alınması da mümkün olmayıb. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalıb.

Yaxşı olardı ki, bu torpaqların səmərəli istifadə olunması və əkin dövriyyəsinə qaytarılmasından ötrü onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınaraq dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin. Bu addımla 30 ildir istifadəsiz qalan həmin torpaqlar əkin dövriyyəsinə qaytarıla bilər və ölkəyə fayda təmin edilə bilər".

Mürtəza

Seçilən
43
3
olke.az

6Mənbələr