AZ

Həştərxan (Hacı-Tarxan) xanlığı, Ulu yurd, Taxt eli...

Həştərxan (qədim adı Hacı-Tarxan) bölgəsi Volqa boyunca İrana gedən şimal-cənub ticarət yolunun və Xəzər dənizinin şimalındakı şərq-qərb ticarət yolunun kəsişməsində yerləşdiyindən əlverişli ticarət mərkəzi sayılıb.

Hacı-Tarxan tatarlarının (tatarca Xajitarxan xanlığı) Ulu yurd, Taxt eli adlandırdıqları Hacı-Tarxan indiki Həştərxan şəhərindən 12 kilometr şimalda yerləşib və şəhər ruslar tərəfindən işğal olunduqdan sonra 1558-ci ildə indiki yerinə köçürülüb və Həştərxan adını alıb.

VI əsrdən etibarən burada müxtəlif türkdilli tayfalar yaşayıb. Onlar bu ərazilərdə bir neçə dövlət yaradıblar. Təxminən 632–668-ci illərdə Böyük Bulqar dövləti, 650–969-cu illərdə Xəzər İmperiyası, Monqol istilasından sonra təxminən 1240–1502-ci illərdə isə bu torpaqlar Qızıl Orda dövlətinə çevrilib.

Qızıl Ordanın digər ərazilərində 1438-ci ildə Qazan xanlığı, 1441-də Krım xanlığı, 1502-ci ildə Həştərxan ətrafındakı dağlıq ərazilərdə məskunlaşan xalqların əraziləri Noqay Ordasına çevrilib, digər xanlıqlar və uluslar yaranıb.

Paytaxtı rus salnamələrində Həştərxan kimi də tanınan Hacı-Tarxan şəhəri idi. Xanlıq cənubda Xəzər dənizi, şərqdə Noqay Ordası ilə sərhəd olub, qərbdə isə Krım xanlığının təbəələri olan noqay xalqı yaşayıb.

Həştərxan xanlığı 15-ci və 16-cı əsrlərdə Qızıl Orda dövləti dağıldıqdan sonra yaranan xanlıqlardan biri, Volqa çayının mənsəbinə bitişik, müasir Həştərxan şəhəri ətrafında yaranmışdı. Onun xanları Cuçinin on üçüncü oğlu və Çingiz xanın nəvəsi Toqa Teymurun nəslindən olduqlarını iddia ediblər.

Həştərxan xanlığının əhalisinin əksəriyyəti Həştərxan tatarları və noqaylardan ibarət idi. Qonşu dövlətlərlə münasibətlərində ticarət əlaqələri geniş yer tutub, əhalinin əsas məşğuliyyəti maldarlıq və əkinçilik olub. Tacirlər Moskva, Qazan, Krım, Türküstan və Qafqaz bölgəsi ilə ticarət ediblər.

Fransız tarixçisi, türk-monqol xalqları və İslam mədəniyyəti üzrə mütəxəssis J.P.Ru yazıb: “Həştərxan xanlığı böyük çayların, nəqliyyat yollarının kəsişdiyi torpaqda qurulmuşdu. Bu mühüm ərazi Çindən Hindistana, oradan isə Avropaya gedən beynəlxalq ticarət yolunun Avropa qolunu, yaxud ən azı bu yolun Xəzər dənizinin cənubundan deyil (İran nəzərdə tutulur), şimalından keçən hissəsini əhatə edib”.

Xanın silahlı dəstələrinin başında kalqa adlanan baş komandan dayanıb və o, xandan sonra ikinci səlahiyyətli adam sayılıb. Kalqanın səlahiyyətində 30 min hərbçi olub. Zadəganların sinfinə xanlar, sultanlar, bəylər və mirzələr daxil olub. Əhalinin qalan hissəsi “qara xalıqlar”dan, (“qara” kəlməsi böyük mənada işlənib) və ya adi əhalidən ibarət olub. “Qara” kəlməsinin əksi “Ağ”dır, “ağ” isə burada kiçik, zərif mənasında işlənib.

Dövlətin dini İslam, dilləri qədim tatar dili idi. 1556-cı ildə Rusiya bu ərazini fəth etdikdən sonra İslam əsasən rus pravoslav xristianlığı ilə əvəz olunsa da, hələ də bölgədə müsəlmanlar yaşayır. Bu torpaqlarda yaşayan kalmıklar əsasən buddistdirlər.

Hacı-Tarxan xanlığının yaranması

1459-cu ildə Böyük Ordanın keçmiş xanı Mahmud xan hakimiyyət uğrunda mübarizədə qardaşı Əhmədə məğlub olduqdan sonra Hacı-Tarxana çəkilir və orada eyni adla öz xanlığını qurur. Bu xanlıq Ulu yurd və Taxt eli də adlandırılıb. Həştərxanın bütün xanları Mahmud və ya qardaşı Əhməddən törəyiblər.

Həştərxan xanları Cuçidlər soyuna mənsub Batu xanın kiçik qardaşı Tuqay-Teymurun nəsindən idilər. Onlar Manqışlaq yarımadasını, Xəzər ovalığını (Hacı-Tarxan daxil olmaqla) və Şimali Qafqazdakı torpaqları əhatə edən ərazilərə malik idilər. Tuqay Teymurun nəsilləri bu ərazilərə nəzarəti ələ aldıqdan sonra Krım, Qazan, Hacı-Tarxan, Buxara və Rusiyanın mərkəzindəki Qasım xanlıqlarını da tutublar.

İtalyan səyyahı və diplomatı, Rusiya haqqında əsərin müəllifi Ambrogio Kontarini (1429-1499) 1476-cı ildə Hacı-Tarxanda olub, şəhərin 1480-ci ildən bir qədər əvvəl Əhməd və İbak xan tərəfindən mühasirəyə alındığını bildirib. Rus Vikipediyasında şəhərin 1492-ci ildə İbakın qardaşı və noqaylar tərəfindən mühasirəyə alındığı yazılır. Hacı-Tarxan Krım tərəfindən iki dəfə–1523-cü ildə I Məhəmməd Gəray və 1549-cu ildə I Sahib Gəray tərəfindən qısa müddətə işğal edilib. Xanlıq ənənəvi olaraq Krım, Noqay Ordası və bəzən çərkəzlərlə hərbi və diplomatik münasibətlər saxlayıb. 1551-ci ildə Yağmurçu xan nominal olaraq Moskvaya tabe olur. Moskva 1552-ci ildə Qazan xanlığını işğal etdikdən sonra şərqə doğru ərazilərini genişləndirir. Çox keçmir ki, Yağmurçu mövqeyini dəyişir, Krım və noqaylarla ittifaq qurur. Bundan sonra Rusiya ona qarşı 30 min qoşun göndərir, 1554-cü ildə o, şəhərdən qaçır. Rusiya onun yerinə öz adamı–Dərviş Əlini təyin edir.

Əlverişli yerləşmə və rəqabətin olmaması Hacı-Tarxan ilə Xarəzm, Buxara və Qazan arasında ticarət əlaqələrinin bərpasına kömək edir. Krım, Qazan xanlıqları, Böyük Orda və Noqay Ordasından olan tacirlər Hacı-Tarxana müxtəlif mallar gətirib və buradan da müxtəlif mallar aparıblar. Qasımın hakimiyyəti dövründə Hacı-Tarxan ilə Moskva knyazlığı arasında ticarət əlaqələri qurulub. Xüsusilə, III İvanın hakimiyyəti dövründə Moskvadan gəmilər hər il Moskva, Oka və Volqa çayları boyunca Hacı-Tarxana duz üçün gəlib. Həştərxan xanlığı XVI əsrin əvvəllərində tam müstəqillik qazanır. Bundan əvvəl xanlığın hökmdarları Böyük Ordadan asılı olublar.

“1476-cı ildə burada səfərdə olmuş italyan diplomatı Ambroco Kontarini hər il Həştərxandan Rusiyaya elçilər (tacirlər) göndərildiyi haqqında məlumat verir və bu heyətə tatar tacirlərin də daxil edildiyini xüsusi vurğulayır: “Onların karvanları gedəndə ipək və digər məmulatlarla, qayıdanda isə xəz, yəhər, yüyən və başqa təsərrüfat malları ilə yüklənir”. Kontarininin müasiri və həmkarı İosafat Barbaro isə diqqəti duz almaq üçün Moskvadan tez-tez Həştərxana gələn ticarət gəmilərinə yönəldir” (N.Mustafa, “Həştərxan xanlığı”, “İki sahil”, 17 sentyabr 2022).

1554-cü ildə rus qoşunlarının Hacı-Tarxanı ələ keçirməsi

Qazan xanlığını fəth edib paytaxtını ələ keçirdikdən sonra rus çarı İvan Qroznı Hacı-Tarxan xanlığını öz təsiri altına almağa qərar verir. Xanlığı işğal etmək ona bütün Volqa hövzəsi üzərində nəzarəti ələ keçirməyə və Xəzər dənizinə birbaşa çıxış əldə etməyə imkan verəcəkdi. Hərbi əməliyyatların başlaması üçün bəhanə yerli xan Yağmurçunun Hacı-Tarxandakı Rusiya səfirini əsir götürməsi idi.

1554-cü ilin yazında knyaz Pronskinin rəhbərlik etdiyi ordu Volqa boyunca Hacı-Tarxana doğru hərəkət edir. 1554-cü il iyunun 29-da knyaz Pronskinin rəhbərlik etdiyi rus ordusu Qara dəniz adasında Hacı-Tarxan qoşunlarının aparıcı dəstələrini məğlub edir, çoxlu hərbçi öldürülür. Bundan sonra ruslar Hacı-Tarxana yaxınlaşdıqca, Yağmurçu xan daha döyüşə girmədən Osmanlı qalasına qaçır.

“Ümumiyyətlə, 1540-cı illər tarixşünaslıqda Həştərxan tarixinin ən qaranlıq dövrü sayılır. Xanlığın tədqiqatçısı İ.Zaytsevin qeyd etdiyi kimi, bu zaman dilimi ilə bağlı sənədli məlumatlar qıtdır: “Hətta Həştərxan taxtında kimin oturduğu da bilinmir”. Alim 1550-ci illərin əvvəllərində Moskva kazaklarının Həştərxanı ələ keçirməsi haqqında mülahizələr olduğunu bildirsə də, bu məlumatlara bir qədər ehtiyatla yanaşır. Mənbələrdəki boşluq sonrakı hadisələrin məntiqini anlamaqda da çətinlik yaradır. Misal üçün, məlumdur ki, Yılmaz Öztunanın “qazi” adlandırdığı Yağmurçu xan 1551-ci ilin payızında Moskvaya elçilər göndərib, çar IV İvandan onu vassal qismində Həştərxan taxtına oturtmasını xahiş edib. Hadisələrin sonrakı gedişatından gördüyümüz kimi, onun bu addımı yalnız rusların Qazan yürüşü ərəfəsində Həştərxanı işğal təhlükəsindən qorumaq cəhdi kimi izah oluna bilər” (N.Mustafa, “Həştərxan xanlığı”, həmin məqalə).

1554-cü ildə Rusiyanın bu torpaqlara hücumundan sonra orada Yağmurçunun əleyhdarı və Moskva çarının müttəfiqi olan Dərviş Əli xanlığı ələ keçirərək Moskvaya dəstəyini vəd edir. Dərviş Əli Hacı-Tarxan xanlığının taxtına oturduqdan sonra iki tərəf arasında Hacı-Tarxan sülh müqaviləsi imzalanır və xanlıq Rusiya çarlığına xərac ödəmək öhdəliyi götürür. Lakin 1556-cı ildə xanlıq Rusiyanın düşmənləri olan Krım xanlığı və Osmanlı İmperiyasına keçərək Həştərxan xanlığına qarşı yeni bir rus yürüşünə səbəb olur. Bu yürüşdə İvan Çeremisinovun rəhbərliyi altında Don kazakları əvvəlcə Hacı-Tarxan yaxınlığında xanın ordusunu məğlub edir, bundan sonra iyulun 2-də ataman Filimonovun rəhbərlik etdiyi kiçik bir kazak dəstəsi ikinci dəfə Hacı-Tarxana yaxınlaşır. Dərviş Əli qaçır, Hacı-Tarxan xanlığının mövcudluğuna son qoyulur, tamamilə Rusiya çarlığına tabe edilir.

Hacı-Tarxan şəhəri Volqa çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşdiyindən bu mövqe xanlığa böyük ticarət və strateji əhəmiyyət qazandırırdı. Volqa-Xəzər xətti Rusiya üçün iqtisadi baxımdan çox vacib idi.

Bu hadisə Rusiya imperiya siyasətinin başlanğıc mərhələlərindən biri hesab olunub və regionun etnik-siyasi xəritəsinə uzunmüddətli təsir göstərib.

Rus salnamələri işğal zamanı hərbi uğuru vurğulayır, lakin itkilər haqda müfəssəl məlumat vermir. İşğaldan sonrakı repressiyalar dövründə türk əhalisinin bir qismi qətlə yetirilir, bir qismi qonşu ərazilərə və Türkiyəyə köç edir və ya əsir götürülür, şəhərin bir hissəsi, o cümlədən məscidlər dağıdılır. Bölgədə rus inzibati-idarə sistemi qurulur və xristianlaşdırma siyasəti başlanır.

Bəzi müasir tarixçilər Həştərxanın işğalını Qazan xanlığı ilə müqayisədə daha “sürətli və daha az dağıdıcı” kimi qiymətləndirirlər. Lakin bu, ümumiyyətlə, qırğın olmadığı anlamına gəlmir, sadəcə, miqyasın daha məhdud olduğu düşünülür.

Bundan sonra Rusiyanın təsiri Qafqaza yayılır

Hacı-Tarxan fəth edildikdən sonra Rusiyanın təsiri Qafqaza da yayılır. 1559-cu ildə Pyatiqorsk və Çerkassk knyazları İvan Qroznını Krım tatar basqınlarından müdafiə üçün bir dəstə və dini dəstəkləmək üçün keşişlər göndərməsini xahiş edirlər. Çar onlara iki sərkərdənin rəhbərliyi ilə qoşun və keşişlər göndərir. Onlar dağılmış qədim kilsələri bərpa edir və Kabardində geniş missionerlik işləri aparır, türklərin pravoslavlığı qəbul etməsini məcburi qaydada həyata keçirirlər.

Hacı-Tarxan xanlığının xanları:

1459-cu ildən 1556-cı ilə qədər fəaliyyət göstərən Həştərxan xanlığını bəziləri bir neçə dəfə olmaqla 13 xan idarə edib.

Тука-Тeymur nəslinin Seyid Mahmud qanadında beş xan olub:

Mahmud xan, (Seyid Mahmud). Mahmud xan qardaşı Əhməd xan ilə mübarizə aparıb, əslində hakimiyyət iki qardaş arasında bölüşdürülüb. Əhməd xanlığın dağ hissəsinə nəzarət edib, Mahmudun Hacı-Tarxan yaxınlığında iqamətgahı da olub, orada həm də sikkələr zərb edilib. Mahmud xan 1459–1476-cı illərdə hakimiyyətdə olub.

I Qasım xan, Seyid Mahmudun oğlu. İtalyan səyahətçisi və diplomat Ambrogio Kontarini yazıb ki, Həştərxan Qasım və iki qardaşı–Əbdül və Canibekin nəzarəti altındadır və Qasım əmisi Əhmədlə münaqişədə olub və bu qarşıdurma Qasım xan hakimiyyətdən gedənə qədər davam edib. 1476–1495-ci illərdə xanlıq edib.

Abdul Kərim xan, Seyid Mahmudun oğlu. Böyük Orda tərəfdarı, Rusiya və Krım əleyhinə olub. Bununla belə, Böyük Ordanın parçalanmasında iştirak edib, 1509-cu ildə Krımda döyüşüb. 1495–1515...

Canibek xan, Seyid Mahmudun oğlu, 1515–1521...

Hüseyn xan, Canibek xanın oğlu. 1521-ci ildə I Məhəmməd Gəray noqaylarla ittifaqda Həştərxana hücum edir, Hüseyn xan paytaxtdan qaçır və Hacı-Tarxan 1523-cü ilin yazında döyüşsüz işğal edilir. Məhəmməd oğlu Bahadır xanı Həştərxan xanı təyin edir. Bahadır xanın artan gücündən qorxan noqaylar Məhəmmədi və oğlu Bahadırı öldürür. Bundan sonra noqaylar Krıma sarsıdıcı hücum edir. 1521–1527...

Тука-Тeymur nəslinin Seyid Əhməd qanadında iki xan hakimiyyətdə olub.

Şeyx Əhməd xan, Əhməd xanın oğlu, Kiçi Məhəmmədin nəvəsi, 1527–1528...

II Qasım xan, Seyid Əhməd xanın oğlu, Əhməd xanın nəvəsi. Noqay Ordasının dəstəyi ilə hakimiyyətə gəlib. 1532-ci ildə Moskvaya elçi göndərib. Çərkəzlər Həştərxana basqın edərək onu ələ keçiriblər, sonra o, sürgün edilib və öldürülüb. 1528-1529-cu ilin əvvəli, 1531-1532...

Gəraylar nəslindən bir xan hakimiyyətdə olub.

I İslam Gəray xan, Məhəmməd I Gərayın oğlu. 1531-ci ildə 8-9 ay taxtda oturub.

Тука-Тeymur nəslinin Əhməd qanadından bir xan olub.

Ağ Kubek xan, Murtaza xanın oğlu, Əhməd xanın nəvəsi, Çərkəzlər tərəfindən taxta çıxarılıb. Oğlu Abdullah Qazanlı Çangəlinin qızı ilə evlənib və onların oğulları Qasım Xan, Mustafa xan olub. 1532-ci ildə bir neçə ay, ikinci dəfə, 1545–1546...

Тука-Тeymur nəslinin Mahmud qanadında bir xan iki dəfə taxta çıxıb.

Əbdül Rəhman xan, Əbdül Kərimin oğlu. Noqayların dəstəyi ilə hakimiyyətə gəlib, elə noqaylar tərəfindən də devrilib. Rusiyapərəstliyi ilə tanınıb, 1537-ci ildə Rusiya elçisi olub, iki dəfə xan olub, İkinci dəfə Ak Kuek tərəfindən taxtdan salınıb, 1533–1537, 1540–1545...

Тука-Тeymur nəslinin Əhməd qanadında iki xan hakimiyyətdə olub.

Dərviş Əli, Şeyx Əhmədin nəvəsi, üç dəfə hakimiyyətdə olub, 1537–1540, 1550–1552, 1554–1556...

Yağmurçu, Murtaza xanın nəvəsi, üç dəfə hakimiyyətdə olub, 1546–1547, 1549, 1552–1554...

Hacı-Tarxan xanlığı mövcud olduğu dövrdə Krım xanlığı vasitəsilə Osmanlı dövlətinin nüfuz dairəsində olub. Xanlıq Rusiya tərəfindən işğal edildikdən sonra 1569-cu ildə Osmanlılar Həştərxana qoşun göndərsələr də, xanlığı ruslardan geri ala bilmirlər.

Rusiya Hacı-Tarxanı işğal etməklə iki böyük məqsədinə nail oldu: Avropanı Şərqlə birləşdirən ticarət yollarına nəzarət etmək və Rusiyanın Qafqazda təsirini gücləndirmək.

Bununla da Rusiya Volqa çayı boyunca tam nəzarət əldə edir, Xəzər dənizinə çıxış tam təmin olunur, Rusiyanın Qafqaz və Türküstana doğru gələcək ekspansiyasına zəmin yaradılır, bölgədə türk-tatar siyasi hakimiyyəti zəiflədilir.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Seçilən
34
xalqqazeti.az

1Mənbələr