AZ

Umur Tuqay Yücel: Azərbaycan Orta Dəhlizdə mühüm logistika mərkəzi kimi çıxış edir

Bakı, 13 mart, AZƏRTAC

Geopolitik risklərin davamlı şəkildə artdığı bir dövrdə, xüsusilə Süveyş kanalı, Qırmızı dəniz və Hörmüz boğazı kimi qlobal ticarət üçün kritik əhəmiyyətə malik keçid nöqtələrində təhlükəsizlik problemlərinin yüksəlməsi Avropa ilə Asiya arasında alternativ logistika marşrutlarına marağı əhəmiyyətli dərəcədə artırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Umur Tuqay Yücel bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz geosiyasi və iqtisadi baxımdan getdikcə daha strateji mövqeyə malik olur.

Ekspert qeyd edib ki, Orta Dəhliz təhlükəsizlik baxımından daha sabit quru və yarım dəniz daşımaları alternativi təqdim edir. Eyni zamanda, bu marşrut siyasi riskləri bölüşdürən bir xətt formalaşdırır və tədarük zəncirlərində yarana biləcək fasilələrin təsirini azaltmaq potensialına malikdir: “Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz, Türkiyə və Avropaya qədər uzanan geniş bir ticarət marşrutunu birləşdirir. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə əsas ölkələr kimi ön plana çıxır.

Xüsusilə Azərbaycan bu sistemdə mühüm logistika mərkəzi kimi çıxış edir. Azərbaycan Xəzər dənizi üzərindən daşımaları mümkün edən strateji keçid nöqtəsi olmaqla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi regional əhəmiyyətli logistika mərkəzinə də malikdir. Bundan əlavə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Qafqaz üzərindən Türkiyə və Avropaya birbaşa əlaqə təmin olunur”.

Ekspert əlavə edib ki, bu infrastruktur Orta Dəhlizi dəniz, dəmir yolu və avtomobil nəqliyyatının birlikdə istifadə olunduğu çoxmodlu nəqliyyat sisteminə çevirir.

Umur Tuqay Yücelin fikrincə, bu marşrut enerji logistikası baxımından da getdikcə daha mühüm əhəmiyyət kəsb edir: “Qafqaz üzərindən keçən Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təminatında alternativ mənbələrin formalaşmasına xidmət edir. Bu enerji xətləri Avropanın enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Rusiyadan və Yaxın Şərqdən asılılığın azaldılması istiqamətində aparılan səylərə də mühüm töhfə verir”.

O bildirib ki, Orta Dəhlizin inkişafı region ölkələrinin qlobal nəqliyyat sistemində rolunu daha da artırmaq potensialına malikdir. Bu proses Azərbaycanın regional logistika mərkəzinə çevrilməsi ehtimalını gücləndirir və Xəzər hövzəsində liman və dəmir yolu infrastrukturuna yönələn investisiyaların artmasını da gündəmə gətirir.

Eeyni zamanda Çin ilə Avropa arasında ticarətdə Orta Dəhlizin payının artması Qafqaz və Mərkəzi Asiya ölkələrinin jeoiqtisadi əhəmiyyətini daha da gücləndirə bilər.

“Hazırkı geosiyasi şəraitdə Orta Dəhliz artıq sadəcə alternativ marşrut deyil, getdikcə daha strateji ticarət və nəqliyyat xəttinə çevrilir. Süveyş xətti və Yaxın Şərqdə təhlükəsizlik riskləri artdıqca Avropa ilə Asiya arasında ticarətin müəyyən hissəsinin Qafqaz və Xəzər marşrutu üzərindən yönləndirilməsi ehtimalı daha da güclənir. Bu gün hava əməliyyatlarının əhəmiyyətli hissəsi belə artıq bu xətt üzərindən həyata keçirilir”, – deyə Umur Tuqay Yücel əlavə edib.

Seçilən
59
1
azertag.az

2Mənbələr