Azərbaycanda qeydiyyatsız fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində yeni mərhələ başlayır.
NOCOMMENT.az xəbər verir ki, bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyət hesabatında əksini tapıb. Hesabata əsasən, fərdi yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsaslar təkmilləşdirilib və artıq 6 növ sənəd çıxarış (“kupça”) almaq üçün hüquqi status qazanıb.
Prezidentin müvafiq fərmanına əsasən, aşağıdakı sənədlər mülkiyyəti təsdiq edən sənəd hesab olunur:
-
Texniki pasportlar: 1 yanvar 2001-ci ilədək tərtib olunmuş texniki inventarlaşdırma sənədləri;
-
Torpaq ayrılması barədə qərarlar: Yerli icra hakimiyyəti nümayəndələrinin 1 yanvar 2001-ci ilədək verdiyi inzibati qərarlar;
-
Müəssisə əmrləri: Sovxoz və kolxoz olmayan dövlət müəssisələrinin torpaqla bağlı əmrləri;
-
SSRİ dövrü sənədləri: Evin mülkiyyətə verilməsi barədə zəhmətkeş deputatları sovetlərinin qərarları;
-
Yenidənqurma qərarları: Köhnə mənzilin sökülərək yerində fərdi evin tikilməsi barədə icra hakimiyyətinin razılaşdırılmış layihəsi;
-
Təsərrüfatbaşına kitablardan çıxarışlar: Yaşayış evləri və torpaq sahələrinə dair arxiv arayışları.
Məlumata görə, 9715 ədəd qeydiyyatsız qeyri-yaşayış obyekti artıq uçota alınıb, onlardan 5461-nin istismarına icazə verilib. Bu prosesin davam etməsi üçün müraciət müddəti 2026-cı ilədək uzadılıb.
Hazırda İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrup tərəfindən “özbaşına tikililər” ilə bağlı məsələlərin tam tənzimlənməsi üçün yeni təkliflər hazırlanır.