AZ

Qəbirlərə bayram xonçası aparmaq doğrudur? - İlahiyyatçıdan açıqlama

Novruz bayramı ərəfəsində Azərbaycanda bir sıra bölgələrdə insanlar qəbiristanlıqlara üz tutaraq dünyasını dəyişmiş yaxınlarını ziyarət edir. Bəzi hallarda isə qəbirlərin üzərinə bayram xonçaları, səməni və müxtəlif şirniyyatların aparılması kimi adətlər də müşahidə olunur. Bu ənənənin dini baxımdan doğru olub-olmaması isə zaman-zaman müzakirələrə səbəb olur.

Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Missiya.Az-a açıqlamasında bildirib ki, qəbirlərin ziyarət olunması İslamda bəyənilən əməl olsa da, bayram xonçaları və müxtəlif nemətlərin aparılmasının dini əsasları yoxdur.

İlahiyyatçı qeyd edib ki, bəzi bölgələrdə “qara bayram” adı ilə qəbir ziyarəti adəti mövcuddur və insanlar qəbirlərə səməni, şirniyyat və digər nemətlər aparırlar:

“Peyğəmbərimiz qəbirlərin ziyarət olunmasını tövsiyə edib və buyurub ki, qəbirləri ziyarət edin, çünki bu sizə axirəti xatırladır. Bir müsəlmanın digər müsəlman üzərində borclarından biri də vəfatından sonra onu ziyarət etmək və onun üçün dua etməkdir. Lakin ziyarət zamanı xonça, səməni və müxtəlif şirniyyatlar aparılmasının İslamla heç bir əlaqəsi yoxdur. Bu, bir növ israf hesab olunur. Əgər insan vəfat edən şəxsin ruhu üçün yaxşı bir iş görmək istəyirsə, həmin vəsaiti ehtiyacı olanlara yardım etmək, bir tələbənin təhsilinə dəstək olmaq və ya başqa xeyriyyə işlərinə sərf etmək daha məqsədəuyğundur",- deyə Ağa Hacıbəyli əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr