AZ

Teymur Layıcov: Maddi imkansızlıqdan qura bilmədiyim işimə dövlət dəstəyi sayəsində sahib oldum

Gəncə, 13 mart, AZƏRTAC

Azərbaycanda aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi genişləndirilməkdədir. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan “Məşğulluğa Dəstək Layihəsi”dir. Layihənin əsas məqsədi işsizlik müavinəti alan və ya aztəminatlı ailələrdən olan şəxslərin özünüməşğulluq imkanlarını artırmaq, onlara dayanıqlı sahibkarlıq fəaliyyəti üçün zəruri texniki bazanı formalaşdırmaqdır. Layihənin davamlılığını təmin etmək və nümunəvi fəaliyyət göstərən sahibkarları dəstəkləmək məqsədilə 2025-ci ildən etibarən yeni bir mexanizm – “Həvəsləndirmə mükafatları” müsabiqəsi tətbiq olunmağa başlayıb. Bu müsabiqə öz biznesini quran və onu qısa müddətdə səmərəli idarə edən benefisiarlar üçün əlavə inkişaf imkanları yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin ilk mərhələsi pilot layihə kimi Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə təşkil edilib. Seçim prosesi zamanı qurduqları kiçik müəssisələrin rentabelliyi, göstərilən xidmət və ya istehsal olunan məhsulun keyfiyyəti, habelə gələcək inkişaf potensialı əsas götürülüb. Nəticədə yüksək performans göstərən 10 benefisiar qalib elan edilib. Qaliblərə müstəqil bizneslərini daha da genişləndirmək, xidmət çeşidini artırmaq və daha rəqabətqabiliyyətli olmaq üçün əlavə avadanlıqlar təqdim olunub. Dövlət dəstəyi sayəsində avtodiaqnostika sahəsində uğur qazanan və öz işini peşəkar səviyyədə quran Teymur Layıcov da bu 10 qalibdən biridir.

Hər bir iştirakçı kimi, Teymur Layıcov da fəaliyyətə başlamazdan əvvəl lazımi nəzəri və praktiki biliklərə yiyələnib. O, Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi mərhələli proses barədə danışıb. “Proqrama qoşuldum, dərslərə yazıldım və biznes təlimlərində iştirak etdim. Təlimləri uğurla başa vurduqdan sonra lazımi avadanlıqlarla təmin olundum”, – deyə avtomobil ustası qeyd edib.

Bu təlimlər iştirakçılara təkcə seçdikləri sənət üzrə deyil, həm də biznesin idarə olunması, müştəri məmnuniyyəti və maliyyə planlaması kimi vacib sahələrdə biliklər qazandırır.

T.Layıcov vurğulayıb ki, proqram çərçivəsində ona təqdim olunan avadanlıqlar müasir standartlara cavab verir və işin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. O, hazırda avtodiaqnostika sahəsində ixtisaslaşaraq müstəqil fəaliyyət göstərir. “Dövlətimizin həyata keçirdiyi bu proqram biz aztəminatlı ailələr üçün çox böyük imkan açıb. Əvvəllər maddi imkansızlıqdan öz işimi qura bilmirdim, lakin indi dövlət dəstəyi sayəsində avtodiaqnostika üçün lazım olan açar dəstləri, tester və digər müasir avadanlıqlarla tam təmin olunmuşam. Bu şərait bizə həm sabit gəlir əldə etməyə, həm də ailəmizin rifahını yüksəltməyə imkan verir. Hazırda işlərimiz çox yaxşı gedir,” – deyə o, yaradılan şəraitdən məmnunluğunu ifadə edib.

Müasir diaqnostika cihazları vasitəsilə avtomobillərdəki texniki nasazlıqların qısa zamanda müəyyən edilməsi həm vaxt itkisinin qarşısını alır, həm də keyfiyyətli xidməti təmin edir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan bu cür təşəbbüslər təkcə fərdi rifahın yüksəldilməsi deyil, həm də bütövlükdə regionlarda iqtisadi fəallığın artırılması, yeni xidmət sahələrinin yaranması və işsizlik səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyət kəsb edir. Teymur Layıcov kimi yüzlərlə vətəndaşın dövlət dəstəyi ilə öz işini qurması, ölkədə kiçik və orta sahibkarlığın inkişafının bariz nümunəsidir.

Müxbir - Elcan Məmmədov

Seçilən
16
1
azertag.az

2Mənbələr