Orta Dəhliz çərçivəsində həyata keçirilən əlavə layihələr Asiya ilə Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsinə yönəlib və beynəlxalq qurumların sıx koordinasiyasını tələb edir.
"Far.Az" xəbər verir ki, bunu Rumıniyanın sabiq xarici işlər naziri (2008, 2015–2017), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Daimi Beynəlxalq Katibliyi baş katibi Lazar Komanesku XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel sessiyasında bəyan edib.
Onun sözlərinə görə, bu cür təşəbbüslərin uğurla həyata keçirilməsinin mühüm şərti bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlar arasında səmərəli qarşılıqlı əməkdaşlıqdır.
Komanesku qeyd edib ki, QDİƏT çərçivəsində əsas nəqliyyat bağlantısı layihələrinin inkişafı üzrə artıq xeyli iş görülüb.
"Həmçinin prosedurların sadələşdirilməsi ilə bağlı hazırladığımız strategiya da çox vacib elementdir və sərhədkeçmənin asanlaşdırılmasına və nəqliyyat marşrutlarının inkişafına yönəlib", - o vurğulayıb.
Komanesku bəyan edib ki, təşkilatlar arasında əməkdaşlıq və bir-birini tamamlama bu cür layihələrin həyata keçirilməsində resurslardan daha səmərəli istifadə etməyə imkan verəcək.
"Hökumətlər, hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən hazırlanan layihələr biznes və iqtisadi icmanın əvvəlcədən bu təşəbbüslərin hazırlanmasına, qərarların qəbuluna və həyata keçirilməsinə cəlb edilməsə, uğurlu olmayacaq, bu halda Orta Dəhliz kimi layihələr də istisna deyil", - o vurğulayıb.