AZ

Boşalan siniflər, dəyişən reallıq: Təhsil sektorunu hansı qərarlar gözləyir?

Azərbaycanda son illərdə doğum sayının azalması demoqrafik vəziyyətlə bağlı narahatlıqları daha da artırıb. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya uzunmüddətli perspektivdə yalnız əhalinin sayına deyil, həm də ölkənin sosial-iqtisadi sisteminə ciddi təsir göstərə bilər. Xüsusilə təhsil sistemi və əmək bazarında balansın dəyişməsi ehtimalı artıq müzakirə olunan əsas mövzulardan birinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, məsələ Milli Məclisin iclasında da gündəmə gətirilib. Parlamentin birinci vitse-spikeri Əli Əhmədov çıxışında ölkədə demoqrafik göstəricilərin son illərdə ciddi şəkildə dəyişdiyini bildirib. Onun sözlərinə görə, son onillikdə doğulan uşaqların sayında nəzərəçarpacaq azalma müşahidə olunur. Əli Əhmədov qeyd edib ki, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq dünyaya gəldiyi halda, 2025-ci ildə bu göstərici artıq 100 minin altına düşüb.

Parlament rəsmisinin fikrincə, bu tendensiya davam edərsə, yaxın illərdə ölkənin təhsil sistemində ciddi dəyişikliklər baş verə bilər. O bildirib ki, 2015-ci ildə orta məktəblərdə təxminən 1,5–1,6 milyon şagird təhsil alırdısa, bir neçə il sonra bu rəqəmin 1 milyona qədər azalacağı gözlənilir. Bu isə öz növbəsində müəllimlərin sayına da təsir göstərə bilər. Əli Əhmədov qeyd edib ki, belə vəziyyət 50 minə yaxın müəllimin ixtisar olunması riskini yarada bilər. O, eyni zamanda gələcəkdə pensiya yaşına çatmış əhali ilə işlək yaşda olan əhali arasında balansın pozula biləcəyindən də narahatlığını ifadə edib.

Elçin Bayramlı

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı NOCOMMENT.az-a açıqlamasında bildirib ki, doğum səviyyəsinin azalması təkcə Azərbaycan üçün deyil, bir çox ölkələr üçün aktual problemə çevrilib.

Onun sözlərinə görə, son illərdə urbanizasiya, ailə modelinin dəyişməsi, iqtisadi çətinliklər və sosial faktorlar doğum göstəricilərinə birbaşa təsir edir. Elçin Bayramlı hesab edir ki, gənc ailələrin maddi yükünün artması və yaşayış xərclərinin yüksəlməsi də doğum sayının azalmasına səbəb olan əsas amillərdən biridir.

Sosioloqun fikrincə, demoqrafik azalma uzun müddət davam edərsə, bu yalnız təhsil sahəsinə deyil, bütövlükdə əmək bazarına təsir göstərə bilər. O qeyd edib ki, gələcəkdə işlək yaşda olan əhalinin sayının azalması iqtisadi inkişaf tempinə də təsir edə bilər.

Elçin Bayramlı bildirib ki, bu səbəbdən dövlətlər adətən demoqrafik siyasəti gücləndirərək gənc ailələrə sosial dəstək proqramlarını genişləndirirlər:

“Təhsil sistemində mümkün ixtisar riski də məhz demoqrafik azalma ilə bağlıdır. Şagird sayının azalması məktəblərin və müəllim ştatlarının optimallaşdırılması məsələsini gündəmə gətirə bilər. Bu məsələ yalnız ixtisar kimi deyil, həm də təhsil sisteminin yeni reallıqlara uyğunlaşdırılması kimi qiymətləndirilməlidir”.

Təhsil eksperti Fuad Hacıyev isə NOCOMMENT.az-a açıqlamasında bildirib ki, şagird sayının azalması təhsil sistemində struktur dəyişikliklərini qaçılmaz edə bilər.

Onun sözlərinə görə, əgər məktəblərdə şagird sayı kəskin şəkildə azalarsa, bəzi təhsil müəssisələrinin birləşdirilməsi və ya müəllim ştatlarının yenidən tənzimlənməsi gündəmə gələ bilər:

“Bu vəziyyət yalnız risk kimi deyil, eyni zamanda təhsilin keyfiyyətinin artırılması üçün fürsət kimi də qiymətləndirilə bilər. Şagird sayının azalması siniflərdə daha az şagirdin olması və müəllimin hər bir şagirdə daha çox diqqət ayıra bilməsi baxımından müəyyən üstünlüklər də yarada bilər”.

Bununla yanaşı, təhsil eksperti vurğulayıb ki, müəllimlərin kütləvi şəkildə işsiz qalması ehtimalının qarşısını almaq üçün dövlət alternativ mexanizmlər üzərində düşünməlidir. Onun sözlərinə görə, müəllimlərin peşə hazırlığının artırılması, yeni təhsil proqramlarının tətbiqi və əlavə təhsil xidmətlərinin genişləndirilməsi bu riski müəyyən qədər azalda bilər.

Fuad Hacıyev hesab edir ki, demoqrafik dəyişikliklər uzunmüddətli prosesdir və buna uyğun olaraq təhsil siyasəti də strateji şəkildə planlaşdırılmalıdır: “Əsas məqsəd həm müəllimlərin məşğulluğunu qorumaq, həm də təhsil sisteminin keyfiyyətini yüksəltmək olmalıdır”.

Seçilən
48
nocomment.az

1Mənbələr