AZ

Startap rəhbəri: Məqsədimiz sahibkarların müştəri bazasının artmasına dəstək olmaqdır – MÜSAHİBƏ

Bakı, 13 mart, AZƏRTAC

Rəqəmsal texnologiyaların inkişafı biznes mühitində kommunikasiya və əməkdaşlıq formalarını da dəyişir. Müasir dövrdə sahibkarlar üçün məlumat mübadiləsi, təcrübə paylaşımı və peşəkar əlaqələrin qurulması vahid onlayn platformalar vasitəsilə daha operativ və səmərəli şəkildə həyata keçirilir. Məhz bu məqsədlə fəaliyyət göstərən və biznes üçün onlayn xidmətlər və kommunikasiya imkanları təqdim edən AKİAB sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsinə, məlumatlandırma və müzakirə mühitinin formalaşmasına şərait yaradır. 2021-ci ildən fəaliyyət göstərən AKİAB-ın məqsədi Azərbaycanda Korporativ İdarəetmə sisteminin tətbiq edilməsi ilə innovativ metodların yayılmasına və iş adamlarının biznes fəaliyyətlərindəki durumun yaxşılaşdırılmasına səylərin artırılması, iş adamları arasında korporativ birliyin möhkəmləndirilməsini qorumaq və inkişaf etdirməkdir. 400-ə yaxın partnyoru olan və günü-gündən əhatə dairəsi genişlənən AKİAB son dövrdə korporativ idarəetmə sahəsində mövcud problemləri nəzərə alaraq təlimlərin, birgə görüşlərin, diskussiyaların, saytlarda və sosial şəbəkələrdə müzakirələrin, TV verilişlərin təşkili, iş adamları üçün məlumatlandırma, korporativ idarəetmə sahəsində maarifləndirmə və digər məsələlər üçün geniş imkanlar yaradıb.

AZƏRTAC-a müsahibəsi zamanı startapın rəhbəri Vəfadar Babayev platformanın yaradılma ideyası, fəaliyyəti və gələcək planları barədə danışıb. Müsahibəni təqdim edirik:

- Rəhbərlik etdiyiniz layihənin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir? Hansı problemi həll edir?

- AKİAB fərqli sahələrdə fəaliyyət göstərən iş adamlarını birləşdirən, onların korporativ əlaqələrini genişləndirən Biznes İnkişaf Platformasıdır. Əsas məqsədimiz sahibkarların müştəri bazasının artmasına və bizneslərinin inkişafına dəstək olmaqdır. Biznes dünyasında tərəfdaşlar arası güvən, şəbəkələşmə (networking) və dövlət qurumları ilə kommunikasiya çətinliklərini aradan qaldıraraq, ekosistemin daha sağlam işləməsini təmin edirik.

- Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüs irəli sürməkdə sizi ilhamlandıran nə oldu?

- Azərbaycan biznes mühitində fəaliyyət göstərən sahibkarların təkbaşına qarşılaşdıqları çətinlikləri və birliyin gücünə olan ehtiyacı görmək bizi ilhamlandırdı. Biz istədik ki, sahibkar yalnız öz sahəsi ilə məşğul olsun, onun networking, satış kanallarının genişləndirilməsi və dövlət-özəl tərəfdaşlığı (B2G) məsələlərini isə vahid bir platforma həll etsin.

- Hazırladığınız startap nə qədər investisiya alıb və bu məbləğlə hansı işlər görülüb?

- Bizim ən böyük investisiyamız tərəfdaşlarımızın bizə olan güvənidir. Maddi resurslarımız üzvlük paketlərindən formalaşır. Bu vəsaitlərlə AKİAB-ın rəqəmsal ekosistemini (mobil tətbiq və veb-sayt) qurmuşuq, "AKİAB Academy" vasitəsilə təlimlər təşkil edirik və bizneslərin tanıdılması üçün media layihələri (məsələn: "Business Talks" çəkilişləri) həyata keçiririk.

- Bu ideyaya bazarda tələbat olduğunu necə anladınız?

- Sahibkarların B2B görüşlərə, təcrübə mübadiləsinə və yeni satış kanallarına olan yüksək tələbatı bunu sübut etdi. Təşkil etdiyimiz ilk görüşlərdəki aktivlik və qısa müddətdə müxtəlif sektorlardan olan şirkətlərin bizə qoşulması ideyanın bazarın real ehtiyacından doğduğunu göstərdi.

- İlk gündən bu günə qədər ən böyük dəyişiklik nə olub?

- Ən böyük dəyişiklik sadəcə bir görüş klubu olmaqdan çıxıb, rəqəmsal həlləri olan, KOB-lar arasında və dövlət qurumları ilə körpü rolunu oynayan institusional bir platformaya çevrilməyimizdir. Xidmət səviyyəmizi gündən-günə artıraraq daha geniş imkanlar təqdim edirik.

- Bəs bu yolda sizi ən çox motivasiya edən nədir?

- Tərəfdaşlarımız olan şirkətlərin AKİAB vasitəsilə yeni müqavilələr bağlaması, satışlarını artırması və bir-biri ilə strateji əməkdaşlıq qurması və ölkəmizin iqtisadi inkişafına verdiyimiz töfhə bizi ən çox motivasiya edən amildir. "Birlikdə daha güclüyük" prinsipi bizim hərəkətverici qüvvəmizdir.

- Riskləri necə qiymətləndirir və idarə edirsiniz?

- Biznes mühitindəki dəyişiklikləri mütəmadi olaraq analiz edirik. "Biznes Check-Up" xidmətimiz vasitəsilə həm öz risklərimizi, həm də partnyorlarımızın ehtiyaclarını öncədən müəyyən edərək onlara uyğun həllər tövsiyə edirik. Şəffaflıq və ədalətlilik prinsipi isə bizim reputasiya risklərimizi sığortalayır.

- Rəqabətli bazarda fərqlənməyin əsas yolu nədir?

- Bizim fərqimiz tərəfdaşlarımıza verdiyimiz dəyər və xidmət müxtəlifliyidir. Biz yalnız networking təklif etmirik, həm də rəqəmsal varlıq (sosial media tanıtımı, veb-saytda yer alma), təhsil (Akademiya) və rəsmi qurumlarla əlaqə (B2G) kimi kompleks paket təqdim edirik.

- Startapınızı 3–5 ildən sonra harada görürsünüz?

- AKİAB-ı Azərbaycanın ən böyük və ən effektiv biznes şəbəkəsi olaraq görürük. Məqsədimiz ölkə daxilindəki bütün KOB-ları inkişaf mərkəzinə çevirmək və bütün biznes proseslərini rəqəmsal platformamız üzərindən idarə etməkdir.

- Xarici bazarlara çıxış planlarınız varmı?

- Bəli, regional və xarici səfərlər bizim xidmət portfelimizin bir hissəsidir. Xarici ticarət nümayəndə heyətləri ilə əməkdaşlıq edərək yerli sahibkarlarımızın beynəlxalq bazarlara çıxışına və xarici investisiyaların ölkəmizə cəlb edilməsinə dəstək oluruq.

- Startap qurmaq istəyən gənclərə ilk tövsiyəniz nə olardı?

- İlk tövsiyəmiz odur ki, ideyanın sadəcə "yaxşı" olması kifayət deyil, o, real bir problemi həll etməlidir. Eyni zamanda, düzgün komanda qurmaq və “networking”in gücündən istifadə etmək uğurun 80 faizidir. AKİAB kimi platformalara qoşularaq təcrübəli sahibkarların mentorluğundan yararlanmağı məsləhət görürük.

- Sizcə yaxşı startap ideyasını fərqləndirən əsas amil nədir?

- Yaxşı ideya davamlı və faydalı olandır. Bazarda boşluğu doldurmalı, istifadəçiyə real dəyər qatmalı və ən əsası, zamanla təkmilləşməyə açıq olmalıdır. Bizim platformamız da daim yeniliklər gətirməklə bu dəyəri qoruyur.

- Əgər yenidən başlasaydınız nəyi fərqli edərdiniz?

- Yəqin ki, rəqəmsallaşma sürətimizi daha da artırar və "AKİAB tətbiqi" layihəsini ən birinci gündən tam gücü ilə işə salardıq. Müasir biznes dünyasında zaman ən qiymətli resursdur. Biz öyrəndik ki, sahibkar üçün məlumatın əlçatanlığı və çeviklik hər şeydir. Əgər yenidən başlasaydıq, “networking”i daha erkən mərhələdə süni intellekt əsaslı data analitikası ilə birləşdirər və tender bildirişlərini tərəfdaşlarımıza daha sürətli çatdırardıq. Lakin keçdiyimiz bu yol bizə hər bir detalı, hər bir paketi (standartdan unikala qədər) real təcrübələr əsasında formallaşdırmağa imkan verdi.

Seçilən
28
1
azertag.az

2Mənbələr