AZ

Bu problemlər həllini tapmasa, öncə ayrılan vəsaitlər suya tökülmüş olacaq-Deputat

"Bəşər tarixi üçün çox qısa sayılan müddətdə formasiya, quruluş, hətta dövlət dəyişikliyi, məğlubiyyət və qələbə görən, fərqli geosiyasi reallıqlarla üzləşən biriləri olsaq da, son dörd ildə baş verənlər bizi belə heyrətləndirməyə bilmir. Beynəlxalq hüquq tam iflic vəziyyətdədir. Bir sıra dövlətlər sanki yarışa çıxıblar; kimin gücü nə qədər çatırsa, onu bir o qədər ayaq altına salıb tapdamağa çalışır ki, hazırda bunun ən pis örnəklərini izləməkdəyik. Qonşumuzdakı iki böyük dövlət fərqli mahiyyət daşıyan savaş aparır, yaxud da ona cəlb edilib. Belə bir dönəmdə öz təhlükəsizliyini təmin etməklə yanaşı, regiona sülh gətirmək fantaosmaqorik görünsə də, bu, reallıqdır. Və bu reallığı XIII Qlobal Bakı Forumundakı çıxışında “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub” deyən dövlətimizin başçısı cənab İlham Əliyev yaradıb". 

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev öz parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

Deputat əlavə edib ki, artıq Azərbaycan müharibəni udduğu kimi, sülhü də qazanıb və biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq:

"Bəli, məhz ötən il Azərbaycan tarixinə sülhün qazanıldığı il kimi düşəcək. Bu sülhün qazanılması ilk baxışda Ermənistan üzərində tamamlayıcı qələbə təsiri bağışlasa da, əslində burada məğlubiyyətə uğradılanlar regionda sülhdə qətiyyən maraqlı olmayan böyük dövlətlər idi. Və o böyük dövlətlərdən birinin prezidentinin şahidliyi ilə ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflandı ki, bu, uğurlu xarici siyasətin əsl düsturudur. Hökumətin hesabatında da əksini tapdığı kimi, məhz ikinci böyük güc Çinlə hərtərəfli strateji tərəfdaşlıq anlaşmasından sonra Vaşinqtonun regionda sülhə dəstək verməsi və Azərbaycan-ABŞ strateji tərəfdaşlıq xartiyası üzərində işə başlanması dövlətimizin yeritdiyi xarici siyasətdə prioritetlərin, tərəfdaşların və zaman ardıcıllığının necə uğurla seçildiyinin növbəti təsdiqidir. Məhz bu uğurlu xarici siyasətin nəticəsində Azərbaycan ötən il iki ayrı-ayrı dövlətlər birliyinin adına, belə demək mümkündürsə, bir növ düzəliş etdi. Söhbət bizim D-8-ə və C5-ə üzvlüyümüzdən gedir. D-8-ə 1997-ci ildən üzü bəri iqtisadi potensialı da, əhalisi də bizdən xeyli, hətta qat-qat çox olan dövlətləri deyil də nədən Azərbaycanı qəbul etmələrinin bir sirri var: o da uğurlu xarici siyasət və lider faktorudur".

Deputat eyni zamanda təmsil etdiyi  Ağdaşla bağlı bəzi məsələləri diqqətə çatdırıb.  "Hökumətin hesabatında göstərilir ki, ötən il bütövlükdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,8%, dənli paxlalı bitkilərinki isə 4,2% azalıb. Burada şoranlaşmanın rolu nə qədərdir və ümumiyyətlə varmı, bilmirəm. Amma Ağdaşın timsalında dəqiq bilirəm ki, əkinə yararlı, sadəcə su çatışmazlığından əl dəyilməyən 15 min hektardan artıq torpaq var. Və həmin torpaqların suvarılması üçün cənab Prezidentin 2017-ci ildə verdiyi Sərəncama görə 24 milyon 791 min 195 manat vəsait nəzərdə tutulurdu. Onun təqribən yarısı 6 il bundan öncə xərclənib. Amma digər hissə ayrılmadığından işlər yarımçıq qalıb. Neçə ildir ki, milyonlarla vəsait xərclənən borular, nasos stansiyaları baxımsız vəziyyətdə açıq havada eroziyaya uğrayırlar. Cənab Baş nazirdən xahişim budur ki, bu layihənin başa çatdırılması üçün lazım olan vəsait ayrılsın. Yoxsa daha bir neçə il də keçsə, öncə ayrılan vəsaitin demək olar ki, hamısı sözün hər anlamında suya tökülmüş olacaq.

Cənab Prezidentin ötən ildəki başqa bir Sərəncamıyla Ağdaşın 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolunun əsaslı təmir üçün ilkin olaraq 1,5 milyon manat vəsait ayrıldı və təmirə başlandı. Amma burada da görülən işlərin sona çatdırılması üçün əlavə vəsaitə ehtiyac var",- o qeyd edib.

Mürtəza

Seçilən
53
1
olke.az

2Mənbələr