Cənubi Efiopiyada güclü yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 107 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə "Addis Standard" qəzeti məlumat yayıb.
Bildirilir ki, Qamo bölgəsində baş verən dağıdıcı torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 107-yə çatıb. Axtarış qrupları cəsədləri tapmağa davam edir.
9 mart gecəsindən 11 mart səhərinə qədər Efiopiyanın cənubunda leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Yerli rəsmilərin sözlərinə görə, leysan yağışlar infrastruktura da ciddi ziyan vurub. Bölgədəki bir çox yollar su altında qalıb və bağlanıb, ictimai nəqliyyatın hərəkətinə mane olub və yardım səylərini xeyli çətinləşdirib.
Bir neçə gün əvvəl qonşu Keniyada da güclü yağışların yaratdığı daşqınlar ən azı 50 nəfərin həyatına son qoymuşdu. Bundan əlavə, ən azı 2600 ailə evlərini tərk etmək məcburiyyətində qalmışdı.