AZ

Bura Azərbaycanın cəhənnəmi” deyirlər, gerçək başqadır Bilmədiyiniz FAKTLAR

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Nə gözəl cümlədir: “Vətəni sevməyən insan olmaz, olsa, o şəxsdə vicdan olmaz”.

Kürdəmiri sevməyənlərə bu rayon haqqında bir qədər məlumat vermək istəyirəm.

Bakıdan təxminən 180 kilometr uzaqlıqda yerləşən Kürdəmir rayonu Azərbaycanın mərkəzi bölgələrindən biridir. Bir çox insan başqa rayonlara gedərkən məhz Kürdəmirdən keçir. Təəssüf ki, bəziləri yolu keçərkən gördüyü boş sahələrə görə, bəziləri isə ümumiyyətlə rayonu görmədən başqalarının dediklərini təkrarlayaraq Kürdəmir haqqında yanlış fikirlər səsləndirirlər. Hətta onu yayda isti olduğu üçün “cəhənnəm” adlandıranlar da tapılır. Sanki burada heç vaxt sərin hava olmurmuş…

Ən üzücü tərəfi isə odur ki, bilən də danışır, bilməyən də. Ola bilər ki, Kürdəmir kasıb və ya yetərincə inkişaf etməmiş rayon kimi görünür. Amma bu, onun “cəhənnəm” olduğu anlamına gəlmir. Necə deyərlər, bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

Dağ demişkən, hər rayonda dağ və meşə olacaq deyə bir qanun yoxdur.

Ümid edirəm ki, gələcəkdə rayonumuza rəhbərlik edən icra başçıları və deputatlar Kürdəmirin inkişafı üçün daha çox iş görəcəklər.

Məsələn, Dubay da vaxtilə səhralıq olub, hətta ağacı belə az idi. Lakin düzgün planlama və inkişaf sayəsində bu gün dünyanın ən məşhur turizm məkanlarından birinə çevrilib. Halbuki Kürdəmirdə həm meşələr, həm çaylar, həm də Kür çayı kimi böyük su hövzəsi var.

Narın gizli “vətəni”

Mollakənd kəndində yerləşən “Ulusu” sanatoriyası vaxtilə çox məşhur idi və ora saysız-hesabsız insanlar üz tuturdu. Kənddə iki məktəb, bağça, xəstəxana və marketlər fəaliyyət göstərir. Mollakənd Kür çayının sahilində yerləşir. Yaxın rayonlardan insanlar bura çimmək, balıq tutmaq və istirahət etmək üçün gəlirlər. Bir az diqqət və abadlıq işləri görülsə, kənd daha da gözəl görünə bilər.

Kürdəmir təkcə təbiəti ilə deyil, həm də insanları ilə zəngindir. Bu rayonun çoxlu şəhidləri, alimləri, aşıqları, ziyalıları və istedadlı insanları var. Təəssüf ki, bunları araşdırıb tanıtmaq istəyənlər azdır. Çünki bəziləri üçün lağ etmək daha asandır.

Məsələn, Carlı kəndində çox gözəl bir məscid inşa olunub. Oradan keçən hər kəsin gözü və könlü sevinir. Həmin kənddə futbol və voleybol meydançaları da tikilib. Yaxın rayonlardan belə bura gəlib oynayanlar və azarkeşlik edənlər olur.

Axtaçı və Sığırlı kəndləri isə narı ilə məşhurdur. Hətta mövsüm vaxtı narı ilə məşhur olan Göyçaydan belə gəlib bu kəndlərdən nar alanlar olur.

Garıs Əyribənd kəndi tərəfdə meşə sahələri var və Girdiman çayı oradan keçir. Torpağı bərəkətli, insanları isə zəhmətkeşdir. Əsasən maldarlıq və əkinçiliklə məşğuldurlar. Bu kənd ən çox yemiş və qarpızı ilə seçilir.

Tanınmış şəxsiyyətləri

Kürdəmir həm də bir çox görkəmli şəxsiyyətlərin vətənidir. Onların arasında filosof İsmayıl Siracəddin Şirvani, akademiklər Ağamusa Axundov və Rafael Hüseynov, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayev, yazıçı və professor Vaqif Sultanlı, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev və digər tanınmış ziyalılar var.

Rayon əsasən kənd təsərrüfatı ilə məşhurdur. Burada pambıqçılıq, taxılçılıq, heyvandarlıq, üzümçülük, bostançılıq və baramaçılıq geniş yayılıb. Quşçuluq və maldarlıq da inkişaf edib. Kürdəmirdə şərab və asfalt zavodları, məişət xidməti müəssisələri, eləcə də respublika əhəmiyyətli iri un kombinatı fəaliyyət göstərir.

Strateji rayon

Kürdəmir həm də strateji əhəmiyyətli hərbi aerodroma malikdir. Burada Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus aviabaza yerləşir. Bazada Su-25 və Su-24 təyyarələri var və o, ölkənin mühüm hava bazalarından hesab olunur. Aerodrom İkinci Dünya müharibəsi dövründən fəaliyyət göstərir. Sonralar burada müxtəlif hərbi təyyarələr yerləşdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra aviabaza ölkənin Hərbi Hava Qüvvələrinin nəzarətinə verilib və 1992-ci ildən etibarən Qarabağ istiqamətində döyüş uçuşları həyata keçirilib.

Kürdəmirdə 3 məktəbəqədər uşaq müəssisəsi, 52 ümumtəhsil məktəbi, 7 mədəniyyət evi, 20 klub və 48 kitabxana fəaliyyət göstərir.

Bütün bu faktlar ortada olduğu halda yenə də eybəcərlik axtaranlar tapılır.

Qarabağ işğal olunanda hamımız özümüzü qarabağlı sayırdıq. Çünki Qarabağ Azərbaycan torpağıdır.

Bəs Kürdəmir də Azərbaycan torpağı deyilmi?

Vətəni sevin!

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr