AZ

Bir düşmən məhv edilir, başqa düşmən güclənir - PARADOKS

Yaxın Şərqdə müharibə geniş bir regionu əhatə edib və tərəflər arasında qarşılıqlı hücumlar daha da intensivləşib. 

ABŞ və İsrail İranda hücum əməliyyatlarını davam etdirdiyi halda Tehran da öz növbəsində İsrailin ərazisini və ABŞ-nin Körfəz bölgəsində, o cümlədən İraq və İordaniyadakı hərbi bazalarına raket zərbələri endirir. Müharibənin müddəti qeyri-müəyyən olaraq qalır. 

Hazırki proseslərin digər önəmli tərəfi budur ki, bəzi güc mərkəzləri bu müharibənin davam etməsində maraqlıdırlar. Belə demək mümkünsə, onlar müharibənin nəticələrindən faydalanırlar və iqtisadi dividentlər əldə edirlər. 

Burada ən maraq məqam isə ABŞ-İsrail cütlüyü və İran arasında hərbi qarşıdurma daha çox Moskvanın xeyrinə olub. Bu müharibə hər gün Rusiyaya əlavə 150 milyon dollar neft gəliri qazandırır. 

“Financial Times” – ın araşdırmasında qeyd olunur ki, Hörmüz boğazının faktiki bağlanması Hindistan və Çinin Rusiya neftinə tələbatının artmasına və qiymətlərin yüksəlməsinə səbəb olub. 

Nəticədə Moskva artıq neft ixracından təxminən 1,3-1,9 milyard dollar gözlənilməz gəlir əldə edib. FT-nin hesablamalarına görə, bu templə Rusiya büdcəsinə mart ayının sonuna qədər əlavə 3,3-4,9 milyard dollar gəlir daxil olacaq.

Burada xüsusi diqqət çəkən məqam ortaya çıxır. ABŞ bir düşməni məhv etdiyi halda digər düşməni dirçəldir və onu gücləndirir. Ola bilsin ki, Tramp administrasiyası belə bir vəziyyətin qarşısını almaq üçün İranla müharibəni tez bir zamanda bitirməyə çalışacaq. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Vaşinqton prosesin bu istiqamətdə getdiyindən çox yaxşı xəbərdardır, ona görə də Ağ Ev Yaxın Şərqdəki müharibənin tez bir zamanda bitməsində maraqlıdır:

“Qeyd edilən vəziyyət qlobal siyasətdə ciddi dilemmanı ortaya qoyur. ABŞ bir tərəfdən İranı zəiflətmək və nəzarət altında saxlamaq istəyərkən, digər tərəfdən bəzi regional proseslərin Rusiya kimi aktorları gücləndirməsi ilə qarşılaşır. Analitik baxımdan bu, klassik bir paradoksu göstərir. 

Yəni başqa sözlə desək, müharibə vasitəsilə bir düşmənin zəifləməsi nəzərdə tutulur, lakin eyni zamanda digər bir aktor- Rusiya iqtisadi baxımdan güclənir. Qlobal enerji bazarının yüksək qiymət və tələb şəraitində Rusiyanın büdcəsi üçün əlavə maliyyə axını təmin olunması, onun strateji sərmayələrə, hərbi əməliyyatlara və geopolitik manevrlərə sərbəstlik verməsi ehtimalını artırır. 

Bu, ABŞ və onun müttəfiqləri üçün ciddi strateji çətinlik yaradır, çünki istənilən regiondakı hərbi və siyasi fəaliyyətlərin nəticəsi həm də digər güclərin mövqeyini gücləndirə bilər”. R.Bayramov vurğulayıb ki, Tramp administrasiyası bu vəziyyəti iki cəhətdən qiymətləndirilə bilər: 

“Birincisi, müharibənin uzanması nəticəsində Rusiya və digər enerji istehsalçılarının maliyyə gücü artdıqca, ABŞ-nin öz strategiyasına uyğun regional balansı qoruması çətinləşir. 

İkincisi, sürətli diplomatik və ya hərbi həll yolları  axtarışı bu riskləri məhdudlaşdırmaq məqsədi güdə bilər. Yəni müharibənin tez bir zamanda bitməsi həm enerji bazarında qiymətlərin stabilləşməsinə, həm də Rusiyanın maliyyə və strateji imkanlarının məhdudlaşdırılmasına xidmət edə bilər”. 

Ekspert, həmçinin bildirib ki, qlobal geopolitik proseslərin dinamikliyi ABŞ üçün də məhdudlaşdırıcı faktorları ehtiva edir: 

“ABŞ təbii olaraq müharibənin tez bir zamanda bitməsində maraqlıdır. Müharibənin dayandırılması üçün diplomatik təşəbbüslər yalnız tərəflərin maraqları və regional aktorların rolu ilə əlaqəlidir. 

Çin və Hindistanın enerji tələbatının artması isə əlavə təzyiq yaradır, çünki bu iki ölkə alternativ enerji mənbələrinə və ticarət əlaqələrinə diqqət yetirir, bu isə Rusiya neftinə tələbatı artırır. Odur ki, Yaxın Şərq münaqişəsi ABŞ-ın strateji maraqlarına həm fayda, həm də risk yaradır. 

Bu səbəbdən ABŞ-nin sürətli və balanslaşdırılmış müdaxiləsi, diplomatiya və enerji bazarının tarazlaşdırılması, həm regional sabitlik, həm də qlobal strateji maraqlar baxımından kritik rol oynayır”. 

Seçilən
49
cebheinfo.az

1Mənbələr