AZ

Bakıda bu mənzillərin qiyməti kəskin bahalaşır - SƏBƏBLƏR

Bakıda köhnə tikili binalara maraq yenidən artır. Vaxtilə daha ucuz hesab edilən bu mənzillərin qiyməti artıq yeni tikililərlə eyni səviyyəyə yaxınlaşır. Buna baxmayaraq, yaşı çox və infrastrukturu zəif olan bu binalara tələbat hələ də yüksək olaraq qalır.

Day.Az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Xəzər Xəbər-ə bildirib ki köhnə tikililərin qiymətinin yeni binalarla eyniləşməsinin əsas səbəbi son dövrlərdə bu mənzillərə marağın artmasıdır. Onun sözlərinə görə, həm satış, həm də kirayə qiymətlərində ciddi bahalaşma müşahidə olunur.

Ekspert qeyd edir ki, qiymət artımına təsir edən əsas amillərdən biri də söküntü prosesinin başlanmasıdır. Bir çox vətəndaş hesab edir ki, mərkəz və mərkəzə yaxın ərazilərdə yerləşən köhnə binalardan mənzil alsalar, gələcəkdə həmin binalar sökülən zaman yüksək məbləğdə kompensasiya əldə edə bilərlər. Bu düşüncə də köhnə tikililərə marağın artmasına səbəb olur.

Digər tərəfdən, köhnə binaların əhəmiyyətli hissəsi şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində yerləşir. Məhz buna görə də qiymət artımı daha çox Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonlarında müşahidə olunur.

Mütəxəssisin sözlərinə görə, son üç ayda yeni tikililərdə qiymətlər təxminən 3-3,5 faiz artıb. Köhnə tikililərdə isə artım 2,5-3 faiz civarında olub. Əvvəllər yeni və köhnə tikililər arasında qiymət artımı baxımından ciddi fərq mövcud idisə, hazırda bu fərq təxminən 0,5 faiz təşkil edir.

Ekspert bildirir ki, köhnə və yeni tikililər arasında qiymət fərqi yerləşmə və təmir vəziyyətindən asılı olaraq dəyişir. Hazırda bu fərq təxminən 500 manat civarındadır. Halbuki əvvəlki illərdə bu fərq 1200-1300 manat səviyyəsində idi.

Müsahibimizin sözlərinə görə, söküntü prosesləri tam yekunlaşdıqdan və Bakının baş planı tam şəkildə həyata keçirildikdən sonra köhnə tikililərə maraq tədricən azalacaq. Bu zaman alıcılar daha çox yeni tikililərə üstünlük verəcəklər. Lakin həmin dövrə qədər köhnə mənzillərdə qiymət artımının davam edəcəyi gözlənilir.

Elcan Turan 
Day.Az

Seçilən
8
day.az

1Mənbələr