AZ

Bu il keçirilən buraxılış imtahanlarında narazılıq Müəllimlər də, valideynlər də, şagirdlər də...

ain.az bildirir, Bizimyol portalına istinadən.

Bu il keçirilən buraxılış imtahanları ətrafında geniş müzakirələr yaranıb. Müəllimlər, şagirdlər və valideynlər imtahan suallarının çətinliyi və ayrılan vaxtın kifayət etməməsi ilə bağlı narazılıqlarını bildirirlər. Xüsusilə sınaq imtahanlarında yüksək nəticə göstərən bir çox şagird buraxılış imtahanında gözlədiklərindən daha çətin suallarla qarşılaşdıqlarını qeyd edir.

Şagirdlərin sözlərinə görə, bəzi açıq tipli sualların həlli xeyli vaxt aparıb. Onlar bildirirlər ki, bəzi tapşırıqları qaralama vərəqində deyil, birbaşa cavab kitabçasında işləməyə məcbur qalıblar. Bu isə həm vaxt itkisinə səbəb olub, həm də səhv etmə riskini artırıb. Nəticədə bir çox şagird bütün sualları sona qədər işləməyə vaxt tapmadığını deyir.

Müəllimlər də mövcud vəziyyətlə bağlı narahatlıqlarını gizlətmirlər. Onların fikrincə, imtahanda verilən bəzi sualların həlli üçün tələb olunan vaxt sualların sayına uyğun planlaşdırılmayıb. Bu da şagirdlərin real biliklərini tam şəkildə göstərməsinə mane ola bilər. Müəllimlər hesab edir ki, imtahanın məqsədi şagirdin biliyini ölçmək olmalıdır, vaxtla mübarizə aparmaq deyil.

Valideynlər isə bildirirlər ki, sınaq imtahanlarında yüksək nəticə göstərən övladlarının buraxılış imtahanında gözlədiklərindən daha aşağı nəticə göstərməsi onları ciddi şəkildə narahat edir. Onların fikrincə, imtahan suallarının çətinlik səviyyəsi və vaxt bölgüsü yenidən nəzərdən keçirilməlidir.

Təhsil ictimaiyyətində formalaşan ümumi fikir ondan ibarətdir ki, bu il imtahan nəticələri qiymətləndirilərkən mövcud narazılıqlar nəzərə alınmalıdır. Bir çox müəllim və valideyn hesab edir ki, imtahanın çətinlik dərəcəsi və vaxt çatışmazlığı nəzərə alınaraq qiymətləndirmə meyarlarında müəyyən yumşalmalar tətbiq edilməli, nəticələr buna uyğun tənzimlənməlidir.

Mövzu ilə bağlı müzakirələr sosial şəbəkələrdə də geniş şəkildə davam edir. Təhsil ictimaiyyəti ümid edir ki, imtahanların nəticələri açıqlanarkən yaranmış vəziyyət obyektiv şəkildə qiymətləndiriləcək və şagirdlərin əməyinə uyğun qərarlar qəbul ediləcək.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr