ain.az bildirir, Hurriyyet portalına istinadən.
“Fevral ayında 200 manata yaxın qazpulu ödəmişəm. 1200 kub limiti yanvarın sonunda bitdi. İndi 22 qəpikdən ödəyirik, yəqin bu ay ərzində o da bitəcək, keçəcəyik 30 qəpikdən ödəməyə. Neft-qaz ölkəsində aşağı gəlirli insanlara bu qiymətə qaz satmaq olmaz. Aldığımız pensiyanı, müavinəti də qaza, işığa ödəyirik”.
Bunu “AzPolitika”nın əməkdaşının həmsöhbət olduğu Tovuz rayon sakini deyir.
Əlavə edir ki, kənddə evlər böyük olduğuna görə qışda isitmək çətindir. Ayda 500–600 manat gəliri olan ailənin 200 manat qazpulu verməsi absurddur. Gərək hökumət camaatın vəziyyətini nəzərə alıb, regionlara güzəştli tarif tətbiq etsin.
2016-cı ildən etibarən Azərbaycanda əhali üçün qazın pərakəndə satışında illik istehlakın 1200 m³-ə qədər hissəsi 1 m³ üçün 12,5 qəpik, 1200–2500 m³ aralığı 22 qəpik, 2500 m³-dən çox olduqda isə 30 qəpikdir.
“Azəriqaz” İstehsalat Birliyi 2016-cı ildən tətbiq etdiyi differensial tarifləri daha az istehlakçıya ucuz, daha çox istifadə edənlərə isə baha qiymətə satılmasının ədalətli olması ilə izah edir. Burada 1200 kubluq limiti keçməyən abonentlərin əhalinin daha aşağı gəlirli hissəsi olduğu qeyd olunur. Müxtəlif vaxtlarda açıqlanan statistik rəqəmlərə görə, abonentlərin 50 faizdən çoxu limiti keçmir.
Amma əhalinin varlı və yoxsul təbəqəsini istehlak etdiyi qazın həcmi ilə müəyyən etmək doğru yanaşma deyil. Məlumdur ki, qazla isitmə sistemi olan böyük fərdi evlərdə və köhnə istilik sistemi olan mənzillərdə qaz daha çox istehlak olunur. Bakıda və iri şəhərlərdə çoxmərtəbəli binalarda yerləşən kiçik mənzillərin əhəmiyyətli hissəsi qış mövsümündə illik 1200 kubdan artıq qaz yandırmır. Amma daha iri sahəyə malik evlər bir neçə aya limiti keçərək mavi yanacağı bahalı tariflərlə istehlak etməyə başlayır. Şəhərətrafı qəsəbələrdə və kəndlərdə isə qaz limiti cəmi 1–1,5 ay ərzində bitir və aylıq xərc 150–200, bəzən isə daha çox olur.
Bunu hökumət qurumları, “Azəriqaz” rəhbərliyi də yaxşı bilir. Çünki əhali vaxtaşırı mediaya şikayətlər edir, sosial şəbəkələrdə narazılığını bildirir.
Ölkədə gəlir statistikasına görə paytaxt və regionlar arasında kəskin fərq var. Bunu rəsmi statistika da təsdiqləyir: əgər Bakıda orta maaş 1400 manat civarındadırsa, kənd rayonlarında 600–700 manatı nadir istisnalarla keçir. Çünki paytaxtda iş və qazanmaq imkanları daha genişdir, bölgələrdə isə kənd təsərrüfatı hesabına dolanışığını təmin edən vətəndaş tapmaq çətindir. Əksəriyyətin gəliri maaş, pensiya, müavinətlərdən, bir də ailə üzvlərinin paytaxtda və xarici ölkələrdə (Rusiya, Türkiyə) işləyib göndərdiyi vəsaitlərdən formalaşır.
İldə dövlətdən ünvanlı sosial yardım alan 350 mindən artıq vətəndaşın 80 faizə qədəri rayon sakinləridir. Bölgələrdə işsizlik səviyyəsi yüksəkdir. Hökumət pay torpağı olanları məşğul kateqoriyasına aid etsə də, bu reallığı dəyişmir. Rayonlarda fabrik, zavod və emal sənayesi müəssisələri çox azdır, dövlət qurumlarından kənar iş yerləri isə yox dərəcəsindədir. Əhalinin bir qismi günəmuzd işlərdə çalışmaqla dolanmağa çalışır. İş üçün şəhərlərə və ölkə xaricinə üz tutanların sayı da çoxdur. Hazırda bölgələrin sürətlə boşalması da elə bu problemdən qaynaqlanır.
Hökumətin bölgələrdə vəziyyəti dəyişmək üçün böyük resursları var. Onların sırasında kommunal tariflərin güzəştli olması da var. İstər əhali qrupu, istərsə də sənaye müəssisələri, istixanalar və bu qəbildən olan başqa istehsalat obyektləri üçün qaz və işıq əhəmiyyətli dərəcədə ucuz olmalıdır. Onu da qeyd edək ki, qaz tarifləri arasında fərqlərin böyük olması da izahı olmayan anormallıqdır. Məsələn, hansı səbəbdən 12,5 qəpikdən ödədiyi 1200 kubmetr limiti aşan abonent daha sonra qazı 80 faiz baha – 22 qəpikdən almalıdır? Hər kubda 10 qəpik artım hansı məntiqlə qoyulub?
Yaxud 22 qəpiklik limiti aşan istehlakçı niyə daha 8 qəpik də ödəyib qaz yandırmalıdır, hansı məntiqlə?
Necə ki, istehlak olunan qazın miqdarına görə abonentləri varlı-kasıblara bölüblər, eləcə də limitlər arasında astronomik fərqlər qoyulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.