AZ

Abituriyentlər BSU nun tədris mühiti ilə tanış olublar: beynəlxalq proqramlar və yeni imkanlar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 mart, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) Nərimanov rayonu Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbin 10-11-ci sinif şagirdləri üçün infotur təşkil olunub.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Rektor Anar Nağıyev çıxışında qeyd edib ki, BSU inklüziv təhsil prinsiplərini rəhbər tutaraq hər bir gəncin bilik və bacarıqlarını inkişaf etdirməsi üçün bərabər imkanlar yaradır. A.Nağıyev vurğulayıb ki, bu kimi görüşlər və infoturlar məktəblilərin universitet mühiti ilə yaxından tanış olmaları, onların maraq və ideyalarının dəstəklənməsi baxımından əhəmiyyət kəsb edir. Çıxışında “BSU-nun gənc dostu” layihəsinə toxunan rektor universitetin gənclərin təşəbbüslərini daim dəstəklədiyini və onların gələcəkdə seçdikləri sahədə uğurlu mütəxəssis kimi formalaşmalarına töhfə verməyi qarşısına məqsəd qoyduğunu bildirib.

Rektor qeyd edib ki, hazırda BSU-nun regionşünaslıq (Polşa üzrə) ixtisasında təhsil alan 25 tələbə Polşanın müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edir. BSU beynəlxalq əməkdaşlıq əlaqələrini davamlı şəkildə genişləndirilərək Polşa ilə yanaşı, Bolqarıstan, Albaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində yay məktəbləri və mübadilə proqramları təşkil edir.

BSU rəhbəri diqqətə çatdırıb ki, IELTS imtahanından 7 və daha yüksək bal toplayan tələbələr universitetdə “İngilis dili” fənnindən azad edilirlər. Həmçinin bildirib ki, universitet tərəfindən təşkil olunan infoturlarda iştirak edən abituriyentlərdən 500 baldan yuxarı nəticə göstərərək BSU-ya qəbul olunanlara müxtəlif hədiyyələr təqdim olunacaq.

Tədbir çərçivəsində iştirakçılara BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fakültə və ixtisasları, universitetdə tədris olunan xarici dillər, eləcə də beynəlxalq əməkdaşlıq və tələbə mübadilə proqramları haqqında geniş məlumat verilib.

İnfotur zamanı abituriyentlər universitetin tədris infrastrukturu ilə, o cümlədən əsas tədris binasında yerləşən Kitabxana-Öyrənmə Mərkəzi, müasir auditoriyalar, Yüksək təhsil mərkəzi, Müəllim inkişaf mərkəzi, Müasir dillərin öyrənmə və sertifikasiya mərkəzi, “LingAI Lab” otağı, Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsi, Rektorluq otağı ilə tanış olublar.

Sonra universitetin akt zalında tələbə həyatı ilə bağlı təqdimat keçirilib. Təqdimat zamanı BSU haqqında videoçarx nümayiş olunub, Tələbə Gənclər Təşkilatının fəaliyyəti və tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib. Eyni zamanda, BSU-nun “Zəfər” yaradıcılıq qrupunun ifasında qısa musiqili proqram təqdim olunub.

Sonda abituriyentlərin sualları cavablandırılıb, qəbul qaydaları, təqaüd imkanları, tələbə həyatı və beynəlxalq proqramlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, universitetdə təşkil olunan infoturun növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
3
azertag.az

4Mənbələr