AZ

Qarabağ ritorikasından qaçış: Paşinyanın “təxribat” narahatlığı – ÖZƏL

"Baş nazir Nikol Paşinyanın İrəvandakı muzey direktorlarından biri - Edita Qzoyan barədə verdiyi qərar ilk baxışda sırf kadr məsələsi kimi görünə bilər. Lakin hadisənin səbəbi - ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensə Qarabağ haqqında kitab hədiyyə olunması - əslində Ermənistanın son illərdə formalaşdırmağa çalışdığı yeni diplomatik xəttin nə qədər həssas olduğunu göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Paşinyanın bu addımı "təxribat" kimi qiymətləndirməsi təsadüf sayılmamalıdır. 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni gerçəkliklər erməni hakimiyyətini Qarabağ mövzusunda öncəki ritorikadan tədricən uzaqlaşmağa məcbur edib. Onların hazırkı siyasi kursu daha çox sülh danışıqları, regional sabitlik və beynəlxalq tərəfdaşlarla münasibətlərin qorunmasına yönəlmiş kimi görünür. Belə bir durumda dövlət strukturlarından hər hansı fərdi təşəbbüsün rəsmi xətdən fərqli ismarıc yaratması hökumət tərəfindən risk kimi qəbul olunur. Məhz buna görə Paşinyan üçün ABŞ rəsmisinə Qarabağ mövzusunda kitab təqdim edilməsi sadəcə mədəni jest kimi qiymətləndirilmir; erməni hökuməti rəsmi mövqelərinin yanlış təqdim oluna biləcəyindən rahatsız olmuşdur. Başqa sözlə, görünür, Paşinyan bu məsələdə dövlət aparatında "ismarıc intizamı" yaratmağa çalışır.

"Əslində, bu hadisə Ermənistanın beynəlxalq imicinə də müəyyən risklər yarada bilər. Çünki belə naqis addımlar Vaşinqton kimi paytaxtlarda Ermənistanın içərisində Qarabağ mövzusu ətrafında siyasi parçalanmanın davam etdiyini göstərə bilər. Halbuki rəsmi İrəvan son illərdə ABŞ ilə münasibətlərdə təhlükəsizlik, iqtisadi işbirliyi və siyasi dəstək kimi istiqamətləri önplana çıxarmağa çalışır. Digər tərəfdən, Qarabağ mövzusunun emosional və ideoloji formada yenidən gündəmə gətirilməsi mövcud diplomatik dialoqa da təsirsiz qalmır. Ermənistan hakimiyyəti bu məsələnin beynəlxalq platformlarda yenidən siyasi polemikaya çevrilməsinin sülh gündəliyinə zərər verə biləcəyini düşünür", - deyə araşdırmaçı-yazar əlavə edib.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr