AZ

Qurban Qurbanov oğluna qarşı haqsızlıq edir? - İKİ VACİB FAKT

Musa Qurbanlı yüksəlişdədir.

Hücumçu ardıcıl 4 görüşdü meydanı qolsuz tərk etmir.

O, xüsusilə "İmişli", "Şamaxı" və "Sabah"la matçlarda kritik qolların müəllifi olub.

Onun əla çıxışı yenidən "Qurban Qurbanov oğluna qarşı haqsızlıq edir" fikrini meydana atıb.

Bu, əslində köhnələn söhbətdir.

Neçə illərdir futbol ictimaiyyəti iddia edir ki, Qurbanlı daha çox oynamaq şansı almalıdır.

Amma Qurban Qurbanov oğlu olduğu üçün ona qarşı çox həssas davranır.

Kənar söhbətlərdən maksimum qoruyur. Mən də bəzi hallarda bu fikirlərə haqq verirəm.

Bir də var "Musa inkişaf etmək istəyirsə, "Qarabağ"dan ayrılmalıdır" fikrini önə çəkənlər.

Bax, bununla qəti razılaşmıram.

Çünki bu addımı forvard yaxın keçmişdə iki dəfə atıb.

23 yaşlı oyunçu 2021-ci ilin yanvarında daha çox oynamaq üçün "Zirə"yə üz tutub. Amma yaxından tanıdığı Rəşad Sadıqovun yanında ömrü cəmi 6 ay çəkib.

Meydana çıxdığı 11 matçda iki qolla yadda qalıb.

2023-cü ilin yayında isə ölkə xaricinə yollanıb.

İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb.

Amma ilk legioner həyatı 1 mövsümlə başa çatıb.

Skandinaviyada forma geyindiyi 21 görüşdə aktivinə 3 qol yazdıra bilib.

Gördüyünüz kimi, iki cəhdi də uğurlu olmayıb.

Məncə, bundan sonra Qurbanovu qınamağa çox da əl yeri qalmır.

Hər halda, oğul onundur, kəramətinə də o bələddir.

Bizə isə yaxaladığı yaxşı idman formasını ən azı belə saxlamasını arzulamaq və onu izləmək qalır.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr