Bu gün Milli Məclisin plenar iclsında vitse-spiker Əli Əhmədov bildirib ki, növbəti dövrlərdə məktəblərimizdə oxuyanların sayı əhəmiyyətli dərəcədə azalacaq və bu vəziyyət 50 minə yaxın müəllimin ixtisarı riskini yarada bilər.
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı qaldırılan həyəcan təbilini real və haqlı hesab edir:
"Təhsil cəmiyyətin müxtəlif istiqamətlərinin, müxtəlif sahələrinin ayrılmaz bir həlqəsidir. Zəncirvari bir-birindən əlaqəli olan proseslər var ki, təhsil də bu proseslərin mərkəzində gəlir. Bu gün bizdə demoqrafik inkişaf çox zəif gedir. İldən-ilə əhalinin say artımını yox, say azalmasını müşahidə edirik. 2015-ci ildə ümumi təhsil müəssisələrində oxuyan şagird sayı 1.5, 1.6 milyon arasında dəyişirdisə, proqnozlara əsasən bu, qarşıdakı illərdə bir milyona qədər azala bilər. Bu isə həm məktəb sayının, həm də müəllim sayının azalmasına, ixtisarlara səbəb ola bilər".
Müsahibimiz gələcəkdə şagird sayının azalması müqabilində müəllimlərin ixtisar olunmaması üçün nələr edə biləcəyimizdən də danışdı:
"Bununla bağlı beynəlxalq təcrübədə olan bəzi detallardan danışmaq lazımdır. Elə nüanslar var ki, bu ixtisarların qarşısını ala bilər. Amma bunun reallaşması çətindir. Məsələn, Abşeronda, Sumqayıtda və xüsusən də paytaxt Bakıda bir çox məktəblərdə çox ciddi şagird sıxlığı var. Biz siniflərin sayını artırmaqla, məsələn, 40 nəfərin oxuduğu sinfi iki yerə bölüb, iki 20 nəfərin oxuduğu sinfi artırmaqla iki problemi həll etmiş olarıq. Bununla şagird sayının sıxlığının qarşısını alarıq, yəni bir sinifdə 40 yox, 20 uşaq təhsil alar. Həm də artırılan hər sinif əlavə dərs saatları, əlavə müəllim kontingenti deməkdir. Amma bunlar həm büdcəyə yönəlik işlərdir, həm də digər çox çətin prosesə bağlanan məsələlərdir. Bir məktəb daxilində sinifləri ikiyə bölmək üçün əlavə sinif otağı lazımdır. Eyni zamanda əlavə məktəblərin tikilməsi lazımdır. Əlavə məktəb varsa, əlavə korpusunun olması lazımdır. Yəni variant var, amma bir az çox çətindir. Biz müəllimlər üçün əlavə layihələr, əlavə bir fəaliyyət proqramı hazırlamalıyıq. Bu gün müəllim əmək bazarında öz iş yerini ancaq məktəbdə görür. Düzdür, indi bəziləri deyə bilər ki, müəllimdir, məktəbdə işləməlidir, amma belə deyil".
Aytəkin TOFİQQIZI