Ses qazeti saytına istinadən ain.az xəbər verir.
XIII Qlobal Bakı Forumu çərçivəsində çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyaları və qlobal siyasi proseslərin yeni mərhələyə daxil olmasını geniş kontekstdə təhlil edərək qeyd etmişdir ki, dünya hazırda mürəkkəb geosiyasi dəyişikliklərin yaşandığı keçid dövrünü yaşayır. Bu mərhələdə beynəlxalq sistemdə əvvəl mövcud olan nisbətən sabit güc balansı tədricən dəyişir, yeni siyasi və iqtisadi mərkəzlər formalaşır, dövlətlər arasında rəqabət daha da kəskinləşir. Belə bir şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir dövlət üçün əsas prioritetə çevrilməsi tamamilə obyektiv və qaçılmaz proses kimi qiymətləndirilir. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğulamışdır ki, indiki mərhələdə heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik məsələləri dövlət siyasətinin mərkəzində dayanmalıdır. Çünki beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliklərin artması, regional münaqişələrin davam etməsi və böyük güclər arasında strateji rəqabətin güclənməsi dövlətləri öz milli təhlükəsizlik strategiyalarını yenidən formalaşdırmağa məcbur edir.
Müasir geosiyasi reallıqlar göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi aspektlərlə məhdudlaşmır. Bu gün təhlükəsizlik daha geniş məzmun kəsb edərək siyasi sabitlik, iqtisadi dayanıqlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika təhlükəsizliyi və informasiya təhlükəsizliyi kimi çoxsaylı komponentləri özündə birləşdirir. Qlobal səviyyədə baş verən iqtisadi və siyasi böhranlar dövlətlərin dayanıqlıq səviyyəsini ciddi şəkildə sınağa çəkir və bu baxımdan ölkələr öz daxili potensiallarını gücləndirməyə, eyni zamanda beynəlxalq əməkdaşlıq mexanizmlərini genişləndirməyə çalışırlar. Azərbaycan da bu prosesdə balanslaşdırılmış və praqmatik siyasət yürüdərək həm milli təhlükəsizliyin möhkəmləndirilməsi, həm də regional sabitliyin təmin olunması istiqamətində ardıcıl addımlar atır. Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe ondan ibarətdir ki, münaqişələrin həlli yalnız güc amili ilə deyil, siyasi dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlıq vasitəsilə mümkün ola bilər. Bu baxımdan Bakı son illərdə qlobal və regional dialoq platformalarından birinə çevrilmiş, müxtəlif siyasi baxışlara malik dövlət və təşkilatların nümayəndələri üçün konstruktiv müzakirə məkanı formalaşdırmışdır.
Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz regionunda baş verən siyasi proseslərə də xüsusi diqqət yetirmiş və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülhü yalnız siyasi bəyanatlar və diplomatik çağırışlar səviyyəsində deyil, real danışıqlar və konkret siyasi addımlar vasitəsilə irəlilətmişdir. Qeyd edilmişdir ki, tərəflər arasında sülh sazişinin əsas müddəaları razılaşdırılmış və sənəd təxminən yeddi ay əvvəl paraflanmışdır. Bununla yanaşı, tərəflər tərəfindən birgə bəyanat qəbul olunmuşdur ki, bu da regionda yeni siyasi reallıqların formalaşdığını göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Uzun illər davam etmiş münaqişə Cənubi Qafqazda siyasi sabitliyin və iqtisadi inkişafın qarşısında ciddi maneə yaratmışdı. Münaqişə nəticəsində regionda əməkdaşlıq imkanları məhdudlaşmış, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi gecikmiş, iqtisadi inteqrasiya prosesləri zəifləmışdi. Bu baxımdan sülh prosesinin irəliləməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün yeni siyasi və iqtisadi perspektivlər yaradır.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda davamlı və uzunmüddətli sülh yalnız beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalıdır. Bu prinsiplər ilk növbədə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasını, sərhədlərin delimitasiya və demarkasiya olunmasını, eləcə də bütün kommunikasiya xətlərinin açılmasını nəzərdə tutur. Bu yanaşma regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına və qarşılıqlı etimadın bərpasına xidmət edə bilər. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın tərəfdarıdır və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla birlikdə işləməyə hazırdır. Bu siyasət Cənubi Qafqazın gələcəkdə qarşıdurma regionu deyil, əməkdaşlıq və inteqrasiya məkanına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Çıxışda Azərbaycanın beynəlxalq iqtisadi və nəqliyyat-logistika sistemində artan rolu da geniş şəkildə təhlil olunmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan son illərdə həyata keçirdiyi strateji infrastruktur layihələri sayəsində qlobal ticarət və tranzit marşrutlarının vacib iştirakçısına çevrilmişdir. Ölkənin coğrafi mövqeyi Avropa ilə Asiya arasında strateji körpü rolunu oynamağa imkan verir və bu potensialdan səmərəli istifadə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu gün Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır və bu marşrutların fəaliyyətində etibarlı tərəfdaş kimi çıxış edir.
Şərq-Qərb nəqliyyat dəhlizi Avropa ilə Asiya arasında iqtisadi və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır və bu marşrut üzrə yük daşımalarının əhəmiyyətli hissəsi Azərbaycan üzərindən həyata keçirilir. Bu istiqamətdə yaradılmış müasir dəmir yolu və avtomobil infrastrukturu, beynəlxalq limanlar və logistika mərkəzləri Azərbaycanın tranzit imkanlarını xeyli genişləndirmişdir. Eyni zamanda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hind okeanı regionunu Avrasiya məkanı ilə birləşdirən strateji logistika xətti kimi formalaşır və bu layihənin inkişafında Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Bu dəhliz vasitəsilə ticarət və yük daşımalarının daha qısa və səmərəli marşrutlarla həyata keçirilməsi mümkün olur ki, bu da regional iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.
Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna yönəltdiyi investisiyalar yalnız tranzit potensialının artırılmasına xidmət etmir, eyni zamanda region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı asılılığın güclənməsinə səbəb olur. Bu proses isə öz növbəsində siyasi sabitliyin möhkəmlənməsinə və əməkdaşlıq mühitinin genişlənməsinə müsbət təsir göstərir. Müasir beynəlxalq münasibətlər sistemində nəqliyyat və logistika marşrutları təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Avrasiya məkanında formalaşan yeni iqtisadi və nəqliyyat arxitekturasının mühüm iştirakçılarından biri kimi çıxış edir.
Bütün bu amillər göstərir ki, Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər yalnız cari siyasi vəziyyətin təhlili deyil, eyni zamanda müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin struktur dəyişikliklərinin qiymətləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu çıxış Azərbaycanın qlobal siyasi və iqtisadi proseslərdə artan rolunu, regional sabitliyin təmin olunmasına yönəlmiş siyasətini və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfəni bir daha nümayiş etdirir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün möhkəmlənməsinə, yeni iqtisadi imkanların yaranmasına və Avrasiya məkanında əməkdaşlıq şəbəkəsinin genişlənməsinə xidmət edən mühüm amillərdən biri kimi çıxış edir.
Kamran Quliyev
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.