Paris, 13 mart, AZƏRTAC
Fransada “Drome Ardeche Tradition” şirkətinin kolbasa məhsullarını istehlak etdikdən sonra 12 nəfərdə listerioz virusu qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yoluxanlardan 2-si həyatını itirib.
Fransanın Kənd Təsərrüfatı və Ərzaq Suverenliyi Nazirliyinin yaydığı məlumata görə, yoluxmalar Drom departamentində yerləşən Burq-dö-Peaj şəhərində fəaliyyət göstərən “Drome Ardeche Tradition” müəssisəsinin məhsullarının istehlakından sonra baş verib. “Sante Publique France” səhiyyə qurumunun məlumatına görə, bütün yoluxanlar xəstəxanaya yerləşdiriliblər.
Səhiyyə orqanları tərəfindən həmin məhsulları istehlak etmiş, qızdırma, başağrısı və ya əzələ ağrıları olan şəxslərə dərhal həkimə müraciət etmək tövsiyə olunub.
Səlahiyyətli qurumlar, həmçinin istehlakçıları “Drome Salaisons”, “Jules Courtial” və müxtəlif supermarketlərin markaları ilə satılan həmin məhsulları istifadə etməməyə çağırıb.
Araşdırma çərçivəsində istehsal müəssisəsində yoxlama aparılıb və fakt təsdiqlənib. Müəssisənin fəaliyyətinin dayandırılması və qeyd olunan məhsulların bazardan geri çağırılması barədə qərar qəbul olunub.