Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda vətəndaşlar bəzən mövcud kredit borclarını bağlamaq üçün başqa bankdan yeni kredit götürürlər. Maliyyə sektorunda bu proses refinanslaşdırma adlanır.
Bəzi hallarda əvvəlki bank kreditin vaxtından əvvəl bağlanmasına görə müştəridən komissiya tuta bilər. Bunun səbəbi bankın kredit müqaviləsində nəzərdə tutulan faiz gəlirinin bir hissəsini itirməsidir.
Qeyd olunur ki, belə komissiyalar adətən kredit müqaviləsində əvvəlcədən göstərilir. Müqaviləyə əsasən, kredit vaxtından əvvəl bağlandıqda bank tərəfindən müəyyən faiz – məsələn, 1–3 faiz həcmində erkən bağlama haqqı tətbiq oluna bilər.
Maliyyə ekspertləri bildirirlər ki, kreditini başqa bankın krediti ilə bağlamaq istəyən şəxslər əvvəlcə mövcud kredit müqaviləsinin şərtlərini diqqətlə nəzərdən keçirməlidirlər. Çünki bəzi hallarda erkən bağlama komissiyası və digər xidmət haqları yeni kreditin üstünlüklərini azalda bilər.
Maliyyə ekspertlərinin fikrinə görə bu, bankın daxili siyasətinə görə tənzimlənir. Kredit borcunu tezliklə bağlayan müştəriyə 1-2 aylıq faiz borcu müəyyən edilə bilər.
Hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, faiz formasında tutulan pul müddət keçəndən sonra formalaşmalıdır. Öncədən aylıq ödənirsə, həmin ay üçün, ümumən desək, həmin müddət üçün heç bir halda faiz tutulmamalıdır.
Qeyd edək ki, refinanslaşdırma daha aşağı faiz dərəcəsi əldə etmək, aylıq ödənişi azaltmaq və bir neçə krediti bir kreditdə birləşdirmək baxımından vətəndaşlar üçün maliyyə baxımından sərfəli hesab olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.