Elektrik cihazlarından düzgün istifadə günümüzün əsas tələblərindən biridir. Bu qaydalara əməl olunmadıqda enerji sərfiyyatı da artır. Məsələn, bəzi məişət avadanlıqlarının uzun müddət işlək vəziyyətdə qalması və istifadə olunmadığı halda şəbəkədən ayrılmaması elektrik sərfiyyatına birbaşa təsir edir.
Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, evlərdə bəzi cihazlar digərləri ilə müqayisədə daha çox enerji sərf edir. Xüsusilə yüksək güclə işləyən və uzun müddət qoşulu qalan avadanlıqlar elektrik enerjisinin istifadəsini artırır.
Bunlara elektrik çaydanları, qızdırıcı radiatorlar, yağla işləyən istilik cihazları, kondisionerlər və televizorlar daxildir. Məsələn, elektrik çaydanları tez-tez istifadə edildiyi üçün daha çox enerji sərf edən cihazlar sırasında yer alır.
Həmçinin televizorların uzun müddət açıq qalması da əlavə enerji sərfiyyatına səbəb olur. Kondisionerlərdən istifadə zamanı isə temperaturun düzgün seçilməsi vacibdir. Mütəxəssislər otaq temperaturunun təxminən 23-24 dərəcə səviyyəsində saxlanılmasını tövsiyə edirlər.
Əgər hər hansı elektrik cihazından istifadə olunmursa, onu sadəcə söndürmək deyil, mümkün olduqda elektrik şəbəkəsindən də ayırmaq məsləhət görülür.
Mütəxəssislər bildirir ki, məişət cihazlarından səmərəli istifadə etmək həm elektrik enerjisinə qənaət etməyə, həm də aylıq xərcləri azaltmağa kömək edir.
İstifadə olunmayan cihazların şəbəkədən ayrılması və enerji sərfiyyatı yüksək olan avadanlıqların düzgün rejimdə işlədilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sadə vərdişlərə diqqət etməklə ev təsərrüfatlarında elektrik enerjisinin sərfiyyatını azaltmaq mümkündür.
Elcan Turan
Day.Az