AZ

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Bakıda 2040-cı ilədək 200 min mənzilin inşası planlaşdırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. 

Baş plana əsasən, 2040-cı ilə qədər adambaşına düşən ümumi mənzil sahəsinin 20.8 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur və əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142.82 min mənzilə tələbat yaranacaq.

Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 min ha sahə nəzərdə tutulur ki, burada da təqribən 200 min mənzilin inşası mümkün olacaq.

Bu isə 2027-ci ilədək yaranacaq 49.97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92.85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.

Nəzərə çatdırılıb ki, 2023-cü ildə Bakı şəhərində 6 443 (481.6 min m2) mənzilin, 2024-cü ildə 11 min mənzilin (933.6 min m2), 2025-ci ildə isə 9 711 mənzilin (870.8 min m2) istismarına icazə verilib. Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında verilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə tikintiyə icazələr verilir.

Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi 2023-cü il üzrə 1 745.47 min m2, 2024-cü il üzrə 1 632.37 min m2, 2025-ci il üzrə isə 1 760.99 min m2 təşkil edib.

Yeni mənzillərin tikilməsi Bakını yükünü daha da ağırlaşdıracaqmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, paytaxda mənzillərinin sayının artırılması vəziyyəti çətinləşdirəcək:

“Yeni 200 min mənzilin Bakıda tikilməsi bir çox problemlər yaradacaq. Hazırda Bakıda tıxaclar səbəbindən hərəkət etmək çox çətindir. 2-5 km məsafəni elə olur ki, 2 saatda qət etmək mümkündür.

Bu, şəhərin ən böyük problemlərindən biridir. Digər problem isə avtomobillərin park edilməsi məsələsidir. Parkinqlər Bakıda böyük problemlərdən birinə çevrilib, avtomobillərin saxlanılması üçün uyğun yerlər yoxdur.

Baxmayaraq ki, bu çıxış yolu üçün yol kənarlarında quraşdırılmış parkinqlər mövcuddur, bu yetərli deyil. Çünki parkinqlər ya yaxın ərazidə yaşayan insanlar üçün, istərsə də sürücülər üçün problem yaradır. Yolun bir kənarında parkinqlərin yaradılması avtomobillərin hərəkətinə mane olur və tıxacların yaranmasına səbəb olur”.

Onun sözlərinə görə, bundan əlavə, mənzillərdə kanalizasiya sularının problemi də mövcuddur:

“Bəzən adi yağışda kanalizasiya suları daşır, şəhəri su basır və iflic vəziyyət yaranır. Sovet dövründə çəkilmiş kanalizasiya boruları artıq suları təxliyə edə bilmir. Çünki həmin dövr üçün nəzərdə tutulmuşdu və müasir tələbləri qarşılamır. Su çox olduqda borular suyu götürə bilmir və yollar su basır.

Onsuz da Bakı şəhəri həddindən artıq sıxlıq yaşayır. İnsanların sayı və yaşayış binalarının sayı çoxaldıqca, şəhərin yükü artır. Yeni mənzillərin tikilməsi bu vəziyyəti daha da ağırlaşdıracaq. Hazırda şəhərdə fasilələrlə ərazilər verilsə də, gələcəkdə bu yetərli olmayacaq. Su, elektrik və digər infrastruktura əlavə yük düşəcək”.

Ekspert qeyd edib ki, təlabatı qarşılamaq üçün düşünülmüş addımlar atılmalıdır:

“Çox yaxşı olardı ki, şəhərdə mənzil tikintisi üçün uyğun ərazilər ayrılmaqdansa, köhnə Sovet dövründə pərakəndə tikilmiş həyət evləri və istismara yararsız binalar sökülərək müasir tipli yeni binalar tikilsin. 

Əks halda, yeni mənzillərin tikilməsi şəhərin yükünü daha da artıracaq və gələcəkdə bir sıra problemlərə səbəb olacaq”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

mənzil Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr