Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, dramaturq, publisist və tərcüməçi Seyran Səxavətin 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) oxucularla görüş keçirilib.
Tədbirdə Azərbaycan ədəbiyyatı və elm ictimaiyyətinin nümayəndələri, oxucular, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdən sonra “Cebheinfo.az” əməkdaşı yazıçı ilə ayaqüstü söhbətləşib.
– Seyran müəllim, yubiley tədbirində yaradıcılığınız haqqında çoxlu çıxışlar oldu. Hansını daha çox bəyəndiniz?
– Oxucularıma və mənim haqqımda çıxış edən hər kəsə təşəkkür edirəm. Əslində sizin hamınız mənim qohum-əqrəbamsınız. Çünki hamımız sözün belindən gəlmiş insanlarıq. Ona görə də hamımız bir-birimizə qohum-əqrabayıq.
Bu gün istədim ki, bir az söhbət edək. Ona görə yığışmışıq. Açığı, bu saat özümü çox yaxşı hiss edirəm. Çünki ömrümdə məni bu qədər tərifləməmişdilər. Ona görə də indi özümü çox güclü və xoşbəxt hiss edirəm. Elə bilirəm ki, Qarabağdayam, Şuşadayam.
Bizim ədəbi nəslimiz çox bəxtəvər və yarımış nəsil olub. Yarımış ədəbi nəsildir ki, onun nümayəndələrinin çoxu gəlib 80 yaşına çatıb.
– Siz yaradıcılığa şair kimi başlasanız da, sonradan daha çox nasir kimi fəaliyyət göstərdiniz. Maraqlıdır, yenidən şeir yazmaq istəmirsiniz?
– Bayaq tədbirdə bir nəfər dedi ki, Seyran Səxavətin nəsri də şeir kimidir. Mənim yaddaşım Allah vergisidir. Elə bir yaddaşım var ki, bəlkə də romanlarımı da əzbər bilirəm. Siz indi nəsrdən danışırsınız, amma gəlin bir nümunə deyim. Məsələn, “Nekroloq” romanımın ilk abzasını söyləyim, baxın görün şeirdir, ya yox:
“Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı – eləcə çürük idi”.
Bu, şeirdir, ya şeir deyil?
– Bir vaxtlar fəaliyyət göstərən şair və yazıçıların əksəriyyətini demək olar ki, hamı tanıyırdı. İndi isə Yazıçılar Birliyinin 3000-ə yaxın üzvü var, amma onların bir çoxu tanınmır. Sizcə, bu, oxucuların günahıdır, yoxsa müəlliflərin?
– Təxminən 30 il bundan qabaq Yazıçılar Birliyinin 200-300 üzvü vardı. Amma o vaxt da ortada cəmi 10–15 tanınmış qələm adamı var idi. İndi də kim tanınmırsa, onun işinə mən qarışa bilmərəm.
Tanınmamaq məsələsinə isə mənim bu yaşımda fikir bildirməyim sanki onların ailə işinə qarışmaq kimi olar. Azərbaycan xalqı özü qərar verir kimi tanıyacağına. Yəni indi mən bu suala cavab versəm, başqalarının daxili işlərinə qarışmış olaram.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Seyran Səxavət yubiley
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.