AZ

Sabitlik və müdafiə prioritetə çevrilir ŞƏRH

Ses qazeti saytına istinadən ain.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər fonunda sabitlik və təhlükəsizlik məsələləri dövlətlərin gündəliyində əsas yer tutur. Bu fikirlər İlham Əliyev tərəfindən XIII Qlobal Bakı Forumu çərçivəsində səsləndirilən çıxışda xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki mən Bakıda bir çox forumlardakı çıxışlarımda qeyd etmişəm ki, işğal dövründə bizim üçün sülh və suverenliyimizin bərpası hər zaman gündəliyimizin əsas prioriteti olub. Xoşbəxtlikdən, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik.

Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur.

Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, - nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Bakı şəhərində keçirilən forumda çıxış edən Prezident bildirib ki, hazırkı beynəlxalq mühitdə risklər və qeyri-müəyyənliklər artır. Onun sözlərinə görə, bir çox regionlarda münaqişələr, siyasi gərginlik və yeni təhlükəsizlik çağırışları dövlətləri öz milli maraqlarını daha qətiyyətlə qorumağa sövq edir. Bu səbəbdən sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritetə çevrilməlidir.

Prezident çıxışında vurğulayıb ki, qlobal təhlükəsizlik yalnız ayrı-ayrı dövlətlərin deyil, beynəlxalq ictimaiyyətin birgə səyləri nəticəsində təmin oluna bilər. O qeyd edib ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq fikir ayrılıqlarının aradan qaldırılmasında mühüm rol oynayır. Dövlət başçısı əlavə edib ki, mövcud çağırışlar qarşısında ölkələr arasında etimadın gücləndirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vacibdir.

İlham Əliyev həmçinin diqqətə çatdırıb ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi aspektlərlə məhdudlaşmır. Enerji təhlükəsizliyi, iqtisadi dayanıqlıq, nəqliyyat və kommunikasiya layihələri də sabitliyin mühüm elementlərindəndir. Onun sözlərinə görə, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq regional və qlobal sabitliyin möhkəmlənməsinə xidmət edir.

Prezident çıxışında Azərbaycan təcrübəsinə də toxunaraq qeyd edib ki, ölkə regionda sabitliyin və əməkdaşlığın təşviqi istiqamətində fəal rol oynayır. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr və təşəbbüslər regional inkişafın və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.

Forum çərçivəsində səsləndirilən bu fikirlər bir daha göstərir ki, dünya yeni çağırışlarla üz-üzədir və belə bir dövrdə sabitliyin qorunması, müdafiə qabiliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı dövlətlərin əsas strateji prioritetləri olmalıdır. XIII Qlobal Bakı Forumu isə bu məsələlərin müzakirəsi və fikir ayrılıqlarının aradan qaldırılması üçün mühüm beynəlxalq platforma kimi çıxış edir.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
sesqazeti.az

1Mənbələr