İtaliyanın baş naziri Corciya Meloni məhkəmə islahatı ilə bağlı keçiriləcək referendum ərəfəsində kampaniyaya birbaşa qoşularaq siyasi nüfuzunu risk altına qoyub.
Musavat.com “Politico” nəşrinə istinadən xəbər verir ki, 22–23 mart tarixlərində keçiriləcək referendum ölkənin məhkəmə sistemində hakimlərin karyera və nəzarət mexanizmlərini dəyişdirməyi nəzərdə tutur.
İtaliyanın sağçı siyasi qüvvələri uzun illərdir bu sistemi solyönlü siyasi təsirlərə açıq hesab edir və onun yenidən qurulmasını tələb edir.
Son ictimai rəy sorğuları isə Meloninin tərəfdarlarının səsvermədə təxminən 5 faiz geri qala biləcəyini göstərir. Bu səbəbdən referendum artıq yalnız institusional dəyişikliklərlə bağlı deyil, həm də baş nazirin siyasi nüfuzu üçün etimad sınağına çevrilib.
Corciya Meloni Milanda yerləşən Franko Parenti teatrında çıxış edərək məhkəmə sistemini sərt tənqid edib. O bildirib ki, bəzi hakimlər siyasi qrupların təsiri altındadır və hökumətin qeyri-qanuni miqrasiya və cinayətkarlıqla mübarizə planlarını əngəlləyirlər.
“Əgər bu islahat indi qəbul olunmasa, bəlkə də bir daha belə imkan olmayacaq. O zaman daha güclü fraksiyalar, daha məsuliyyətsiz hakimlər və daha qəribə məhkəmə qərarları ilə üzləşəcəyik”, – deyə Meloni bildirib.
Referendum kampaniyası boyunca Meloni uzun müddət prosesdən müəyyən məsafə saxlayaraq əsasən müttəfiqlərinin və nazirlərinin çıxış etməsinə üstünlük verirdi. Lakin son rəy sorğularında geri qalma ehtimalı artdıqdan sonra baş nazir kampaniyanın ön cəbhəsinə çıxmağa qərar verib.
İtaliya parlamentində müxalif Demokrat Partiyasının aparıcı fiqurlarından olan deputat Alfredo D’Attorre Meloninin bu addımını hökumətin nəticədən narahat olmasının göstəricisi kimi qiymətləndirib.
Siyasi tarixçi və Roma LUISS Universitetinin professoru Covanni Orsina isə hesab edir ki, referendumun əsas problemi onun texniki xarakter daşımasıdır.
“Arqumentlər çox texniki və abstraktdır. Bu isə seçicilərin emosional dəstəyini qazanmaq üçün kifayət etmir”, – deyə Orsina bildirib.
Onun fikrincə, Meloni seçiciləri səfərbər etmək üçün kampaniyanı “yaxşı ilə pisin qarşıdurması” kimi təqdim etməyə çalışır və xüsusilə miqrasiya və təhlükəsizlik mövzularına diqqət yönəldir.
Ekspertlər hesab edir ki, Meloninin referendum kampaniyasına şəxsən qoşulması siyasi risk daşıyır. Çünki səsvermə onun adı ilə daha sıx əlaqələndikcə mümkün məğlubiyyət hökumət üçün ciddi zərbə ola bilər.
Analitiklər xatırladır ki, 2016-cı ildə keçmiş baş nazir Matteo Renzi konstitusiya islahatına dair referendumda məğlub olduqdan sonra istefa verməyə məcbur qalmışdı.
Bununla belə, Meloni nəticədən asılı olmayaraq istefa verməyəcəyini bildirib.
“Heç bir halda istefa verməyəcəyəm. Bu parlament çağırışının sonunu görmək istəyirəm”, – deyə baş nazir vurğulayıb.
Musavat.com