AZ

Uşağını döyən valideyn 200 manat ödəsin? Açıqlama

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Uşaqlara qarşı fiziki və psixoloji zorakılığa görə məsuliyyətin sərtləşdirilməsi təklif olunur. Layihəyə əsasən, uşağı tərbiyə etmək və ya intizam tədbiri kimi ona qarşı cismani cəza tətbiq edən valideynlər, o cümlədən müvafiq müəssisələrin əməkdaşları 200 manat məbləğində cərimələnə bilərlər.

Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bəzi valideynlərin ciddi psixoloji və ya psixi problemləri olur:

“Bu da onların uşaqlara qarşı amansız davranmasına şərait yaradır. Belə hallarda uşaqlara fiziki zor tətbiq edilir, onlar döyülür və ağır zərbələrə məruz qalırlar. Bu isə uşağın psixologiyasına ciddi zərbə vurur, onda aqressiya, insanlara qarşı kin və qəzəb hissi formalaşdırır. Nəticədə belə uşaqlar gələcəkdə cəmiyyət üçün təhlükəli davranışlara meylli ola, hətta ağır cinayətlər törədə bilərlər. Ona görə də fiziki zorakılıq heç bir halda tərbiyə üsulu hesab edilə bilməz və bunun müsbət nəticəsi yoxdur. Tərbiyənin müxtəlif sivil və effektiv formaları mövcuddur. Hazırda müzakirə olunan layihədə də əsas məqsəd uşaqlara qarşı fiziki zorakılığın qarşısının alınmasıdır. Hesab edirəm ki, qanunvericilikdə məhz uşağın döyülməsi və fiziki zədə yetirilməsi ilə bağlı məsuliyyət, cəzalar nəzərdə tutulmalıdır. Hazırda təklif olunan qanunun detalları bəlli deyil. Qəbul edildiyi zaman orada nəzərdə tutulanlar barədə məlumatımız olacaq”.

Elçin Bayramlı

Sosioloq bildirib ki, valideynlərin uşaqları tərbiyə etmək, onları müəyyən qaydalar çərçivəsində tənbeh etmək hüququ qalmalıdır:

“Lakin bu tənbeh sivil üsullarla, yəni məhdudiyyət, qadağa və digər tərbiyə metodları vasitəsilə həyata keçirilməlidir. Təəssüf ki, bəzi valideynlər psixoloji cəhətdən problemli olsa da, bunu etiraf etmir və müvafiq tibbi qeydiyyata da düşmürlər. Belə hallarda uşaqlara qarşı davamlı zorakılıq onların psixologiyasında ciddi travmalar yaradır. Kriminal davranışa meylli şəxslərin bir qismi məhz belə mühitdə böyüyən uşaqlar arasından çıxır. Buna görə də bu məsələyə ciddi diqqət yetirilməlidir. Uşaqların sağlam və təhlükəsiz mühitdə böyüməsi vacibdir. Onlara səhvləri izah edilməli, düzgün davranış qaydaları öyrədilməlidir. Bu prosesdə həm valideynlər, həm müəllimlər, həm də ümumilikdə cəmiyyət iştirak etməlidir.

Uşağa tam sərbəstlik vermək də doğru deyil, lakin fiziki zorakılıq qəti şəkildə yolverilməzdir. Belə hallara görə cərimə və digər məsuliyyət tədbirləri çoxdan tətbiq olunmalı idi. Əgər sağlam cəmiyyət qurmaq istəyiriksə, uşaqlara kiçik yaşlarından düzgün tərbiyə verilməlidir. Hər bir valideyn dünyaya gətirdiyi övladı tərbiyəli və məsuliyyətli bir fərd kimi cəmiyyətə təqdim etməlidir. Bu baxımdan dövlətin uşaqların hüquqlarının qorunması və sağlam inkişafı üçün atdığı addımlar, eləcə də bu sahədə nəzərdə tutulan qanun dəyişiklikləri müsbət qiymətləndirilməlidir”.

Qeyd edək ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
globalinfo.az

1Mənbələr