ABŞ və İsrailin İrana qarşı müharibəsi və bunun fonunda Yaxın Şərqdə baş verən hadisələr regionda bir çox sahələrə təsir göstərib. Artan gərginlik xüsusilə hava nəqliyyatı və turizm sektorunda hiss olunur. Nəticədə əvvəlcədən planlaşdırılan tur paketləri və aviabiletlərlə bağlı turizm şirkətləri yeni qərarlar qəbul etməyə məcbur qalıb. Bu vəziyyət xüsusilə Dubay və Yaxın Şərqin digər şəhərlərinə edilən rezervasiyalara təsirsiz ötüşmür. Mövcud şəraitdə turizm şirkətləri müştərilərə vəsaitin geri qaytarılmasını, tarixlərin dəyişdirilməsini və ya alternativ istiqamətlərin seçilməsini təklif edirlər. Eyni zamanda, regionda davam edən gərginliyin qarşıdan gələn yay turizm mövsümünə, xüsusilə Türkiyəyə səfərlərə necə təsir edəcəyi də maraq doğuran əsas məsələlərdən biridir. Bəs çıxş yolu nədir?
Məsələ ilə bağlı “Yeni Sabah”ın sualına cavab olaraq “AZ Travel Online”-dan bildirilib ki, bütün turizm şirkətləri çətinliklə üzləşib:
“Öncədən tur paketləri və səyahətləri rezervasiya olunmuş müştərilərimiz var. Müharibə başlayanda həmin ərazilərdə qalan turistlərimiz də olmuşdu və dövlətin dəstəyi ilə onları oradan təxliyyə etdik. Qətərdə və Dubayda olan turistlərin təxliyyəsi həyata keçirilib və onların arasında bizim turistlərimiz də vardı”.
Şirkətin açıqlamasında Novruz bayramı dövrü üçün tur paketləri olan müştərilərin rezervasiyalarının tarixlərinin tam cəriməsiz şəkildə dəyişdirildiyi qeyd olunub:
“Geri qaytarmaq istəyən müştərilərin müraciətləri də qəbul olunub. Lakin geri ödənişlər birbaşa həyata keçirilmir, müəyyən prosedura əsasən aparılır və adətən 21 iş günü ərzində vəsait tam şəkildə müştərilərə qaytarılır. Bu proses hazırda davam edir. Kim geri qaytarılmasını istəyirsə, həmin müraciətlər icra olunur. Tarix və ya istiqamət dəyişdirmək istəyən müştərilərin istəkləri də nəzərə alınıb və həyata keçirilib. Məsələn, bəzi rezervasiyalar Türkiyə istiqamətinə dəyişdirilib”.
Həmçinin əlavə edilib ki, ümumiyyətlə, yay mövsümündə Birləşmiş Ərəb Əmirlikləri və Qətər istiqamətinə tələbat çox olmur:
“Çünki bu istiqamətlər əsasən payız və qış aylarında daha çox seçilir. Yayda isə insanların ən çox üz tutduğu istiqamətlər Türkiyə və Misirdir. Hər iki ölkəyə tələbat kifayət qədər yüksək olur. Hazırkı vəziyyət turizm sektoruna müəyyən təsir göstərib. Bir çox insanlar gözləmə mövqeyindədir. Yay üçün Türkiyə və Misir istiqamətinə rezervasiya etməyənlər də var və onlar vəziyyətin necə inkişaf edəcəyini görmək istəyirlər. Bundan sonra qərar verəcəklər ki, səyahət planlaşdırıb-planlaşdırmasınlar”.
Şirkətin məlumatına görə, bununla belə, Türkiyə və Misir istiqamətlərinə rezervasiyalar və uçuşlar aktiv olaraq davam edir:
“Sadəcə müəyyən gecikmələr və ya kiçik axsamalar müşahidə olunur. Gözlənilir ki, gələcəkdə insanlar daha çox Türkiyə və Misir kimi istiqamətlərə üstünlük verəcəklər. Çünki səyahət edilə bilən istiqamətlərin sayı azaldıqca turistlər daha stabil və əlçatan ölkələrə üz tuturlar.
Bundan əlavə, Yunanıstana da erkən rezervasiyalar var. Bakıdan birbaşa uçuşla Krit adasına tur paketləri açılıb. Həmçinin Monteneqro istiqamətinə də tur paketləri mövcuddur”.

Turizm eksperti Cabir Dövlətzadə bildirib ki, hazırda Azərbaycan otel sektorunda ciddi bir böhran yaşanır:
“Çünki müştərilər ölkəyə gəlməkdə çətinlik çəkirlər. Bunun əsas səbəbi təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlardır. Naxçıvana dron hücumunun baş verməsi də bu narahatlıqları daha da artırdı və nəticədə bir çox müştəri rezervasiyalarını ləğv etdi. Müharibə başa çatmayana qədər yeni rezervasiyaların artması çox çətin görünür. Çünki insanlar səyahət edərkən, xüsusilə də getdikləri ölkənin və regionun təhlükəsiz olmasına üstünlük verirlər ”.
Ekspert bildirib ki, bu səbəbdən də müharibənin bitməsi turizm sektorunun bərpası üçün əsas şərt hesab olunur:
“Əks halda sektor bir müddət də gözləmə vəziyyətində qalacaq. Ümid edilir ki, münaqişə tezliklə başa çatacaq və bundan sonra ölkəyə gələn turistlərin sayı tədricən artacaq, turizm sektoru isə əvvəlki tempini bərpa edəcək”.
Aytac Əliyeva
Telegram kanalımız