AZ

Şarl Mişel: “Afrika ilə Avropa əməkdaşlığı gələcəyin əsas dayağıdır”

XIII Qlobal Bakı Forumunda “Afrika - Bu gün və sabah” panelində Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel çıxış edib.

Musavat.com-un məlumatına görə, Şarl Mişel çıxışında Afrika ilə Avropa arasında münasibətlərin yenilənməsi və qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayıb.

O bildirib ki, investisiyaların artırılması, xüsusilə özəl sektorun dəstəklənməsi Afrika qitəsinin iqtisadi inkişafı üçün əsas amillərdir:

“Bank və maliyyə resurslarının artırılması, gələcək rifahın təmin olunması və 2030-cu il üçün nəzərdə tutulan təşəbbüslərin dəstəklənməsi qitənin iqtisadi imkanlarını genişləndirəcək və biznesin inkişafına şərait yaradacaq”.

Şarl Mişel həmçinin regional təşkilatlar vasitəsilə inteqrasiyanın vacibliyini vurğulayıb:

“Avropada iqtisadi inteqrasiya illər ərzində ölkələr arasında əməkdaşlığı gücləndirib, təhlükəsizliyi artırıb və sabit münasibətlərin formalaşmasına kömək edib. Eyni model Afrikada da tətbiq edilə bilər”.

O bildirib ki, Afrika Avropa üçün strateji tərəfdaşdır və bu əməkdaşlıq bərabərhüquqlu prinsiplər üzərində qurulmalıdır. Eyni zamanda Şarl Mişel qlobal silahlı münaqişələrin və silahlanmanın iqtisadi modellərə təsirini qeyd edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Xalidə Gəray
Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr