Bakı, 13 mart, AZƏRTAC
Təhsil sistemi uzun müddət qiymət və imtahan nəticələri üzərində qurulduğu üçün şagirdlər də təbii olaraq məqsədi bilik qazanmaq deyil, yaxşı bal toplamaq kimi görməyə başlayırlar. Halbuki təhsilin əsas məqsədi insanın düşünməyi öyrənməsi, sual verməsi və həyatda istifadə edə biləcəyi bacarıqlar qazanmasıdır. Məncə, burada bir neçə istiqamətdə dəyişiklik vacibdir. Əvvəlcə dərsdə öyrənmə prosesi daha maraqlı və həyatla əlaqəli olmalıdır. Şagird dərsdə öyrəndiyi bilginin real həyatda nəyə lazım olduğunu görəndə qiymət ikinci plana keçir. Layihə işləri, müzakirələr, araşdırma tapşırıqları, komanda işi kimi üsullar uşaqlarda öyrənməyə təbii maraq yaradır. Belə olduqda şagird “mən bunu niyə öyrənirəm?” sualına cavab tapır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi Günay Əkbərova deyib. O bildirib ki, qiymətləndirmə sistemi təkcə imtahan nəticəsinə bağlı olmamalıdır: “Şagirdin düşünməsi, araşdırması, təqdimatı, əməkdaşlığı kimi bacarıqları da qiymətləndirilməlidir. Dünya təcrübəsində formativ qiymətləndirmə, yəni proses boyunca verilən rəy və dəstək bu baxımdan çox vacib sayılır. Bu zaman şagird yalnız nəticəyə deyil, inkişaf prosesinə fokuslanır. Valideynlərin rolu da çox böyükdür. Bəzən valideynlər uşağa ilk olaraq “Neçə aldın?” sualını verirlər. Halbuki “Bu gün dərsdə maraqlı nə öyrəndin?” kimi suallar uşağın düşüncəsini dəyişə bilər. Uşaq hiss etməlidir ki, onun səyi və öyrənməsi qiymətdən daha dəyərlidir”.
Ekspertin fikrincə, müəllimlər sinifdə uşaqların səhv etməkdən qorxduğu mühiti deyil, onların bilik öyrəndiyi mühiti yaratmağa çalışmalıdırlar: “Şagird səhv edəndə cəzalandırılmamalı, əksinə bu səhv öyrənmə fürsəti kimi qəbul edilməlidir. Belə olduqda uşaqlar daha sərbəst düşünür və sual verməkdən çəkinmirlər. Ümumilikdə düşünürəm ki, təhsildə əsas məqsədi yenidən xatırlamalıyıq: yaxşı qiymət alan şagird yox, düşünə bilən, araşdıran və öyrənməyi sevən insan yetişdirmək. Qiymət isə bu prosesdə məqsəd yox, sadəcə bir göstərici olmalıdır”.