ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Emil Rasimoğlu,
şair-publisist
Uzun illərdir ki, bu gözəlim məmləkətin ədəbi camiəsindəki əli qələmli, izi eynəkli, nəfəsi qandallı, öz tərcümeyi-halında Tanrının işğala məruz qoyulmasına şərait yaradan əksər imzalar var ki, onların mövqeyi bu minvalla o qədər zədələnib, mutasiyaya uğrayıb, uğradılıb ki(!), necə deyərlər, bugün yerli-yersiz istənilən mövzuda şübhə ünvanına çevrilə də bilirlər. Bu bir acı gerçəklikdir...
... Haqqında qısaca söz açacağım Həmid Herisçi həzrətləri də bu ədəbi müstəvidə məhz həmin prinsipləri “çatlamış”, iradəsinin onurğası yerlə yeksan edilmiş, “mövqeyi mutasiyaya uğramışlar karvanı”na məxsus ismlərdəndir... və o, həmin Həmid Herisçidir ki, diktator amalı ilə AYB-ni 40 ildir öz əsarətində saxlayan Anarın əvvəl gözlərinin içinə dik baxırdı, indi isə hüzurundakı edam kötüyündə “can verib”, təzim edir. Bəli, məhz həmin Anarın!...
Xarakteri, təbiəti, mənəvi potensialı bu dərəcədə zədələnmiş adamlardan (Həmid Herisçilərdən) hansı mövzuda istəsən, qeyri-ixtiyari olaraq şübhələnə bilərsən. (Bu yerdə anidən şübhələnmək bir az da təbii haldır, təbii prosesdi...) Amma və lakin, unutmaq lazım deyil ki, hər şübhə hələ həqiqət demək deyil!
Həqiqət idraki prosesin ədələtlə nəticə diqtəsidir...
İndisə gələk sözümün canına, mətləbinə, məğzinə...
Son günlər tez-tez qarşıma çıxan ssenariləşdirilmiş məlum “Həmid Herisçi şousu”nu uzaqdan eləcə müşahidə edirəm. Bəli, “Həmid Herisçi şousu”nu! Bu prosesə yalnız bu “adı” qoymaq doğru olar.
Demək, bu “ucuz şou”nun mərkəzində, nüvəsində, alt qatında bir az kütlənin baxış bucağı yer alır, daha çox isə (konkret olaraq!) AYB daxilindəki konfliktlərin (Həmid Herisçi də daxil olmaqla!), Anarın edam kötüyündə təzim edənlərin (bir müddətdir ki!) bir-birinə elan etdiyi “müharibə”nin dayanması açıq-aydın şəkildə görünür.
Necə deyərlər, dava yorğan davasıdır...
... və bir az da konkretləşdirsək, AYB-nin Güney Azərbaycan Ədəbiyyatı Şöbəsi uğrunda gedən “mübarizə” bu dəfə “İran pərdəsi” arxasında “Həmid Herisçi şousu” şəklində özünü süni tərtibatda ortaya qoyur.
... Həmid Herisçi itaətkar da ola bilər (necə ki, itaətkardır!), mövqeyi parçalanmış, çatlamış da ola bilər (necə ki, parçalanmışdır, çatlamışdır), hətta fars dediyiniz millətdən hansısa şəxsləri də sevə bilər (insan olaraq sevməyi də təbiidir), amma və lakin(!) İran dövləti müstəvisində onun cəsusluğunu qətiyyən təsəvvürümə gətirmirəm... heç gətirmək də istəmirəm! Heç (çünki!) gedən proseslər də bunu ifadə etmir...
... Az öncə də qeyd etdim, sadəcə necə deyərlər, dava yorğan davasıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.