Dünyadan vaxtsız köçmüş tanınmış şair Vaqif Cəfərlinin 70-illiyinə -Fotolar
Vaqif Cəfərli-70
O, Baharda gəlmişdir dünyaya. Ana təbiətin oyanan vaxtı, gülləriin, çiçəklərin açan, fəslin ətir saçan vaxtı. O, poeziya vurğunu idi, hər zaman gördüyü, düşündüyü, dərk etdiyi hər şeyə və sevdiyi ya nifrət bəslədiyi insanlara yeni-yeni şeirlər qoşaraq dodaqaltı zümzümə edir, özünəməxsus zarafatyana sözləri ilə ətrafındakı insanların qəlbini ovsunlayırdı.
O, gözəllik aşiqi idi, Allahın yaratdığı gözəlliklərdən bəhrələnir, ilham alırdı.
O, gənclik şairi idi, ürəyi gənclik eşqi ilə döyünür, gənclərə, gənc yazarların yaradıcılıq yollarına daim mayak kimi işıq salır, onlara mənəvi dəstək verir, onları yaradıcılığa ruhlandırırdı.
O, hazırcavab, sinədəftər istedad sahibi idi, onun şeirlərini pərəstişkarları əzbərdən söyləyirlər.
O, sözünü deyən adam idi, xalqqın sözünü deyirdi, xalq onun şeirlərini deyir.
Bəzən evində çörəyə, suya ehtiyac olduğu halda, gənc yazarlar onun əlindən su içər, onun verdiyi "çörəyi" yeyərdi.
Durna qatarı kimi bizi haqqın söz qatarına çəkərdi. Haqqın qatarı onu vaxtsız-vədəsiz kainatın sonsuzluğuna apardı.
Əməkdaşı olduğu "Kirpi" jurnalının rəhbərliyi və redaksiya heyəti hər zaman onun yanında idi. İşinin peşəkarı idi, gələcəyin peşəkarları ilə çalışırdı. İndi şairin azad ruhu hər zaman onların yanındadır.
O, Beyləqan Ədəbi mühitindən çıxmış istedadlı qələm sahibi idi, ölümündən sonra Beyləqan Ədəbi mühiti və ziyalıları, Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin şair və yazıçıları onun, Vaqif Cəfərlinin dostları silsilə olaraq Vaqif Cəfərlinin Seçilmiş Əsərlərindən ibarət 3 cildlik nəfs şəkildə şeirlər və poemalar kitablarını çapdan çıxararaq Respublika Kitabxanalarına və çoxsaylı oxuculara təqdim etdilər.
O, yurdsevər, Vətənpərvər Vətən oğluydu. Vətən ona oğul dedi.
"Vətən" şerindən ;
Sənsən adımız-şanımız,
Sənə qurbandı canımız,
Yolunda axan qanımız,
Hamısı halalın olsun.
Elini, obasını sevən şairin qəlbində hər zaman yurd həsrəti, Qarabağ dərdi şeirlərində öz əksini tapır.
Kərim Kərimliyə yazdığı "Şuşadan gəlmisən" şeirindən;
Gəzib, dolaşdıqca doğma yerləri
Qəlbini yandırıb-yaxdımı Şuşa.
Ayrı düşmüşdünüz illərdən bəri,
Ay Kərim, üzünə baxdımı Şuşa.
Yanar ocaqların odu sönəndə
Atəşi nə oldu, közü nə oldu.
Ay Kərim, Şuşadan geri dönəndə,
Suşanın Bakıya sözü nə oldu.
Dərdi dünya boyda idi, dünyanın dərdini çəkirdi. Dərd içində dərdə, qəmə batırdı.
Dərdə hamiləydi dərdimin biri,
Gedirdim, gözlədim, qalası olub.
Gözün aydın olsun doğum evləri,
Dərdimin dərd adlı balası olub.
Zalım fələk dərdlərinin üstünə bir dərd ağır dərd gətirdi. Yeddi yaşlı qız balasını vaxtsız əlindən aldı. Onun şair qəlbi nalə çəkdi.
Qəbir dolu sev boyunu,
Fələk bildi fağır məni.
Torpaq, balamın toyunu
Eyləyəndə çağır məni.
deyən Vaqif Cəfərlinin dərdi bir atanın övlad acısını yaşayan bir ömür dərd yükü onu tamam sarsıtmışdı.
Sayı yoxdur dərd-sərimin,
Vardan, heçə döndər məni.
Müşfiqin, Əli Kərimin,
Dərgahına göndər məni.
Dünya, məni çox saxlama.
Deyən şair Vaqif Cəfərlinin yaradıcılığı Respublika mətbuatında və Ədəbi mühitdə olduğu kimi Beyləqan Ədəbi mühitində də xüsusi yeri var idi. Yaradıcılığında yüzlərlə qəlb oxşayan şeirlərindən başqa 10-dan artıq poemaların bir çox publisist yazıların müəllifi olub.
O, uzun sürən ağır xəstəlikdən sonra 50 yaşında Haqqın dərgahına qovuşdu. Cənab Haqq onu öz qoynuna apardı.
Tanınmış şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Kirpi" satirik jurnalının bölgə müxbiri cəmi 50 il ömür sürmüş mərhum Vaqif Calal oğlu Cəfərli yaşasaydı bu il 2026-cı mart ayının 14-ü 70 yaşı tamam olacaqdı.
Baharda dünyaya gəlmiş həmişəyaşar şair baharda da dünyadan köçdü.
Hər zaman olduğu kimi Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsinin şair və yazıçıları, mərhumun dostları, yaxınları, Vaqifsevərlər bu il də tədbirlər planının bir hissəsi olaraq V. Cəfərlinin 70-illiyinə həsr olunan yubiley tədbirinə hazırlaşır.
Ruhu şad olsun görkəmli şairin!
Şairlik şələsi
-Ay Vaqif bu fələk əkib dərd-qəmi,
Elə fağırlara dərd-qəm verirmiş.
Qatıb qabağına qızmış nər kimi,
Mərdi qova-qova namərd edirmi.
Qaçıb qabağından şərin, şeytanın,
İblisə, ifritə rəvac verirmiş.
Durub arxasında azğın nadanın,
Haqqı danmaq üçün xərac verirmiş.
Sən demə kişilik zamanı gedib,
Mərdlik,mərdanəlik çoxdan itirmiş.
Koroğlu meydana əyyamı bitib,
Nəbinin dastanı sona yetibmiş.
Pozulub dünyanın nizamı daha,
Ulaq quyruğuna nər bağlayırlar.
Haqqın bəxşişlləri satılır baha,
Meymunun boynuna zər bağlayırlar.
Haqqı tor görənlər girirlər gözə,
Alimi, şairi gendə qalıbdı.
Bayquşlar ulayıb, şər atır sözə,
Manqurtlar bülbülü tora salıbdı.
Bir vaxt vəd verənlər görünmür gözə,
Xeyirxah əməllər sözdə qalıbdı.
Sözə haqq deyənlər ta baxmır sözə,
Düz yolu seçənlər düzdə qalıbdı.
Şairlik şələsi yaman ağırmış,
Vaxtsız yağır etdi kürəklərini.
Dərdinin dərd adlı balası varmış,
Dəf etdin ruzigar küləklərini.
Ucaldın həyatda öz sənətinlə,
Bu söz dəryasında söz çəkin oldu.
Şeir sənətinlə söz sənətininlə,
Poeziya mülkündə öz çəkin oldu.
Rövşən Qarabudaq
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan Yazıçılar Birliyinin Beyləqan Bölməsi
Sozcu.info