AZ

Şəhid ailələrinə diqqət göstərilməlidir, məmurlar vətəndaşları eşitmir Hüquq müdafiəçisi

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Novella Cəfəroğlu: “İnsanlarımız bir-birinə həssas olmalı, çətinlikləri birlikdə yüngülləşdirməlidir”

Elsevər Əliyev adlı şəxs sosial platformada video-müraciət paylaşıb. Vətəndaş bildirir ki, qardaşı 44 günlük Vətən müharibəsinin şəhididir. 2020-ci il noyabrın 7-də şəhid olub. Şəhid qardaşının yas məclisində Xəzər rayon icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri, digər idarə və təşkilatların rəhbərləri də iştirak edib.

Qardaşının 40 mərasimində isə anası oğul itkisinə dözməyərək vəfat edib. Atası isə bir müddət öncə vəfat edib. E.Əliyev bildirir ki, nə anasının, nə də atasının yas məclislərində Xəzər rayon icra hakimiyyətindən bir nəfər də iştirak etməyib. “Bu evdən 3 tabut çıxıb, amma kimsə mənimlə maraqlanmır”, deyən E.Əliyev Naxçıvan şəhərini misal çəkərək orada yas məclislərinin təşkilində şəhər rəhbərliyinin yaxından iştirak etdiyini xatırladıb, “Naxçıvanda şərait yoxdur, insanlıq var, Bakıda şərait var, insanlıq yoxdur”, deyə giley edib. 

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Təşkilatının sədri, əslən Naxçıvandan olan Novella Cəfəroğlu doğma eli barədə deyilən sözə sevinsə də, hadisənin ümumən təəssüf doğurduğunu söylədi: 

- Mənim üçün çox xoşdur ki Naxçıvan haqqında belə xoş sözlər deyilir. Naxçıvan camaatı həqiqətən də canıyanandır, dara düşənə kömək edəndi, qoymazlar kimsə möhtac vəziyyətdə qalsın. Birinin evində yas düşübsə, çalışıarlar ona hər cür kömək etsinlər. Bu, bizim adətlərimizdə var. Toy evinə də kömək edilir, yas evinə də. Bu, xalqın birliyindən irəli gəlir. Ümumiyyətlə, Azərbaycanda əvvəllər belə idi, yas düşən ailəyə qonum-qonşu, qohumlar yardım edərdilər. O vaxtlar dövlət orqanları bu işlərə birbaşa qarışmazdı. Qıraqdan kömək göstərərdilər. Amma açıq yox. Sovet vaxtı idi. El-oba özü köməkləşib yas məclisini təşkil edərdi, əgər imkansız adam idisə. Biz artıq müstəqil dövlətik, Vətən uğrunda, suverenliymiz uğrunda şəhid olanlarımız var və indi dövlətimiz şəhidlərin ailəsinə, Vətən üçün döyüşənlərə hər cür dəstək göstərir, yardım edir. Gərək məmurlar da xalqın səsini eşitsin, vətəndaşların probemləri ilə maraqlansınlar. Çətinlikləri varsa, həll etsinlər. İnsanlarımız da bir-birinə qarşı həssas olmalıdır. Naxçıvanda yas məclisləri ilə bağlı illər əvvəl sərt qayda tətbiq edildi, dəbdəbəli məclislərə qadağa qoyuldu. Bu, çox yaxşıdır. Amma Bakıda, başqa şəhərlərdə, bir sıra regionlarda yas mərasimləri hələ də dəbdəbli təşkil olunur. Bu, yas evi üçün ağırlıq, çətinlik yaradır. İmkansız ailələr çətinlik çəkir. Bütün hallarda icra hakimiyyətləri, hər inzibati rayonun rəhbərləri vətəndaşlarla yaxından maraqlanmalıdır, şəhid ailələrinə diqqətli yanaşmalıdırlar, qayğı göstərməlidirlər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
sherg.az

1Mənbələr