ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Yazıçı və publisist Seyran Səxavət Azərbaycan dilinin hazırkı vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Yazıçı bildirib ki, dil milləti tənzimləyən, cəmiyyəti formalaşdıran əsas amillərdən biridir və bu sahədə ciddi problemlər mövcuddur.
“Azərbaycan dili reanimasiyadadır. Milli Məclislə Akademiyanın ümumi iclası oldu və mənim məruzəmi dinləyib müzakirə etdilər. Məruzəm “Cümlə qurmaq, dövlət qurmaq qədər çətindir” adlanırdı. Mən mətbuata açıq adamam. Ümumiyyətlə, açıq xasiyyətli adam olduğuma görə, mətbuata da açığam. Bu günə qədər 7500-dən çox müsahibə vermişəm. Onun 6000-də demişəm ki, dilimiz ölür, dilimiz aradan gedir”. Bu sözləri yazıçı və publisist Seyran Səxavət öz 80 illik yubileyinə həsr edilmiş tədbirdə dilə gətirib.
“Hər bir fərdi idarə edən dildirsə, deməli bütün xalqı da dil idarə edir. Dil milləti tənzimləyən, onu cilalayan, əmələ gətirən və ona hörmət gətirən ən güclü silahdır. “Dünya get-gedə azğınlaşır. Belə bir vəziyyətdə öz silahımızı niyə korşaldırıq? Məsələ çox ciddidir,” – deyə Seyran Səxavət qeyd edib.
Xatırladaq ki, bu gün Milli Elmlər Akademiyasının Elmi Kitabxanasında yazıcı və publisist Seyran Səxavətin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə yazıçının qələm dostları, oxucuları və media nümayəndələri də iştirak edib.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.