ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin sədri bildirib ki, son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanıb. Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Sonra Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında hesabatı təqdim edib.
Baş nazir 2025-ci ili Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mərhələ kimi xarakterizə edib. Qeyd olunub ki, Azərbaycan hesabat ilində beynəlxalq və regional platformalarda fəal iştirakını davam etdirib. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.
Əli Əsədov deyib ki, 2025-ci il ölkənin iqtisadi inkişafı baxımından uğurlu olub. Hesabat ilində ümumi daxili məhsulun real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 milyard manata çatıb.
Qeyd edilib ki, qeyri-neft sektoru real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manat olub və iqtisadiyyatda yaradılan ümumi əlavə dəyərin 72 faizi məhz bu sektorun payına düşüb. Qeyri-neft-qaz sənayesində 5,5 faiz artım qeydə alındığı halda, neft-qaz sektorunda 1,6 faiz azalma müşahidə olunub. Bildirilib ki, neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub.
Baş nazir vurğulayıb ki, xarici ticarətdə 6,4 milyard dollarlıq müsbət saldo qeydə alınıb, qeyri-neft ixracı isə 8 faizdən çox artaraq 3,6 milyard dolları ötüb. Bu göstəricilər ölkənin ixrac potensialının genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.
Diqqətə çatdırılıb ki, hesabat dövründə strateji valyuta ehtiyatları təqribən 14,1 milyard dollar və ya 20 faiz artaraq 85 milyard dolları keçib. 2025-ci ildə inflyasiya hədəf diapazonunda olub.
Baş nazir qeyd edib ki, 2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində sosial siyasət tədbirləri davam etdirilib. 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqının artım tempi illik inflyasiya səviyyəsini üstələyib.
O, ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39,5 faizinin və ya 15,3 milyard manatının sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldiyini bildirib. Bu 2024-cü illə müqayisədə 601,5 milyon manat çoxdur. Vurğulanıb ki, son yeddi il ərzində 4 milyon vətəndaşı əhatə edən 5 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 8 milyard manat məbləğində vəsait xərclənib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün sərf olunub. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərlə bağlı qeyd olunub ki, 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,1 milyard manat vəsait ayrılıb. Bu isə əvvəlki ilin məbləğindən 23 faiz çoxdur. Qeyd edilib ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Baş nazir diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Hesabat ilinin sonuna bu ərazilərdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfərə çatıb. Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə 2025-ci il də daxil olmaqla indiyədək ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4,4 milyard manat vəsait ayrılıb.
Vurğulanıb ki, ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 milyon manat vəsait ayrılıb.
Həmçinin qeyd olunub ki, 2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 milyard kubmetr qaz ixrac edilib. Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilib və ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb.
Sonra plenar iclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb.
Çıxış edən deputatlar bildiriblər ki, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatı dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyanı özündə ehtiva etməklə, hökumətin qarşısına qoyulan vəzifə və tapşırıqların uğurla yerinə yetirildiyini göstərir.
Deputatlar 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını, ötən ilin ölkənin siyasi, iqtisadi və sosial sahələrində əhəmiyyətli irəliləyişlərlə yadda qaldığını söyləyiblər. Qeyd olunub ki, Prezidentin milli maraqların qorunması baxımından həyata keçirdiyi siyasət sayəsində və hökumətin səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına, firavanlığa, inkişafa nail olunub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova qaldırılan bəzi məsələlərə münasibət bildirmək üçün Baş nazir Əli Əsədova söz verib.
Əli Əsədov ötən il ümumilikdə deputatlar tərəfindən hökumətə daxil olmuş müraciətlərdə qaldırılan məsələlərlə bağlı görülən işlər barədə danışıb. Bildirilib ki, qaldırılan məsələlərin çoxu həll olunub, digər məsələlərin icrası istiqamətində işlər davam etdirilməkdədir.
İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.








Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.