Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyalar ödənilir.
Amma bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır.
Bir çox halda isə sökülən evlərə görə az kompensasiya ödənilməsi barədə evləri sökülən şəxslər narazılıqlarını bildirirlər.
İqtisadçı, millət vəkili Vüqar Bayramov onlara daxil olan müraciətlərə uyğun olaraq bir sıra məsələləri hökumətin diqqətinə çatdırıb:
“Paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı. Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır.
Məsələn, bəzi evlərin sahələri 30, hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur.
Bu baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı”.
İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu sahə iki fərqli mexanizmlə tənzimlənir:

“Dövlət ehtiyacları və kommersiya yolu ilə həyata keçirilən söküntülər. Dövlət ehtiyacları üçün alınan ev, mənzil və ya torpaq sahələrində qiymətin müəyyənləşdirilməsi mexanizmi fərqlidir. Bu halda vətəndaş kompensasiya ilə bağlı qərarı 200 gün ərzində mübahisələndirə bilər”.
Ekspert bildirib ki, kommersiya yolu ilə aparılan söküntülərdə isə vəziyyət fərqlidir: “Bu halda hansısa özəl şirkət tikinti aparmaq istəyir və bunun üçün vətəndaşın evini almağa çalışır. Burada dövlətin birbaşa müdaxiləsinə ehtiyac yoxdur. Hər bir şəxsin öz əmlakına qiymət qoymaq azadlığı var və tərəflər qiyməti qarşılıqlı razılaşma əsasında müəyyən etməlidirlər. Özəl şirkətlər qiyməti diqtə edə bilməz”.
Ekspert qeyd edir ki, amma bəzi özəl şirkətlər söküntü işləri zamanı dövlətin adından sui-istifadə edirlər.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.