Martın 13-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Şamaxı rayon Mədəniyyət Mərkəzində "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin III və IV cildlərinin təqdimatını keçirildi. Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonundan olan şəhid ailələləri, Şamaxı rayonun icra hakimiyyətinin başçısı Tahir Məmmədov,rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Qeyd edək ki, təqdimatı keçirilən bu cildlərdə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib. Təqdimat mərasimini redaksiyanın əməkdaşı Hikmət Məlikzadə açdı və dövlət himni səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirir. Azərbaycanın qəhrəman oğullarının xatirəsinin yaşadılması yolunda Respublika Xatirə Kitabı Redaksiyasının indiyə qədər nəşr etdiyi kitabların əhəmiyyətindən danışan icra başçısı qeyd etdi ki, şəhidlərdən bəhs edən bu nəşrlər onları gələcək nəsillərə tanıtmaq üçün qiymətli örnəklərdir. T. Məmmədov vurğuladı ki, Xatirə Kitabı Redaksiyasının fədakar kollektivinin zəhməti hesabına nəşr olunan "44-Gün-Tarixi zəfər" çoxcildliyi gələcəkdə qəhrəmanlıq tariximizin öyrənilməsində mühüm rol oynayacaq. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir. "Respublika Xatirə Kitabında əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır, bugünkü və gələcək nəsillər üçün tarixi hadisə kimi xarakterizə edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Əbəs yerə bu kitabı yaddaşımızın abidəsi adlandırımrıq. Çünki bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir və burada "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" prinsipi əsas götürülür. Redaksiyamız 1941-45-ci illər Böyük Vətən mühari¬bəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qay¬dada təşkil edib və bu münasibətlə on yeddi cilddə A-dan Z-yə kitab nəşr etdirib. Redaksiyanın çap etdirdiyi "Qələbə - 75 və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" xüsusi buraxılışları da bu qəbildəndir". N. Məmmədova vurğuladı ki, redaksiya bu silsilə üzrə eləcə də "Tarixin qan yaddaşı", "223-cü Qırmızı Bayraqlı Belqrad Diviziyası", "Gözlə məni, ana", "Vətənin şöhrətini ucaldanlar" və s. kitablar dərc etdirib. "Redaksiyanın Azərbaycanın Milli Qəhrəmanları haqqında dərc etdirdiyi kitab da bu işin davamı kimi təzahür edir. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə daha məsuliyyətli bir araşdırmaya başlayıb. Aparılan iş birliyinin məqsədi Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araş¬dırılması işi əsas prioritet kimi qəbul olunub. Redaksiya bununla bağlı iki dildə (Azərbaycan və ingilis dilində, 4 cilddə kitab nəşr etdirib, orada itkin düşmüş və girov götürüldüyü ehtimal olunan vətəndaşlarımızın acı taleyi əks olunub. Respublika Xatirə Kitabı Redaksiyası ümummilli liderin 100 illiyi ilə əlaqədar "2023-cü il – Heydər Əliyev İli"ndə "Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır" adlı kitab nəşr etdirib. Bu kitab Tanrının xalqımıza bəxş etdiyi dahi insan, varlığı siyasətdən yoğrulmuş qüdrətli dövlət başçısı, xalqımızın xilaskarı, dövlətimizin rəmzi, dövlətçiliyimizin, Konstitusiyamızın və qanunlarımızın qarantı Heydər Əliyevə tərəfimizdən bir vəfa borcudur. 7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində həmin kitabın təqdimatı keçirilib". M. Məmmədova qeyd etdi ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 10kitab nəşr etdirib, həmin kitabların təqdimatını keçirib. Layihə üzrə işlər davam etdirilir. "Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Respublika Xatirə Kitabı Redaksiyası Vətən uğrunda qəhrəmanlıqla həlak olan, xalqımıza tarixi zəfər bəxş edən cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi zəfər" adlı 4 cilddə kitab nəşr etdirib, onların təqdimatlarını keçirib. Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril¬məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar. Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir. Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır. Redaksiya Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nəsillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəyyənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşır. Son olaraq bizə yaratdığı şəraitə görə Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm"-deyə baş redaktor bildirdi. Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonundan olan şəhid ailələlərininin qatıldığı tədbirdə Vətən müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Hacı Arif Vəliyev çıxış edərək dövlətin şəhid ailələrinə göstərdiyi qayğıdan danışdı. Şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva da çıxış edərək bildirdi ki, Xatirə Kitabı Redaksiyasın ərsəyə gətirdiyi bu kitablar analar üçün böyük təsəllidir. "Oğlum Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi. Onun həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf etdi. Müharibə dövründə bizdən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışırdı. Telefon danışıqlarının birində mənə dedi ki, "ana, Murovu biz almışıq".Aqilin döyüşlərdə olduğunu belə öyrəndik. Xatirə Kitabı Redaksiyası bizim övladlarımızın əbədi yaşadan kitablar çap edir. Bu kitablar bizim təsəlli yerimizdir, bilirik ki, biz olmayandan sonra da oğullarımız yaşayacaq. Bu kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə şəhid anaları adından təşəkkür edirəm. Bizim oğullar yaşamalıdır. Biz şəhid analarının ən böyük arzusu odur ki, bizim övladlarımız unudulmasın. Bu kitablar onları yaşadacaq, ona görə də bizim nigarançılığımız yoxdur. Şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev çıxışında dedi ki, şəhidlər haqqında çox kitablar yazılıb, amma Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 Gün-Tarixi zəfər" kitabı fərqlidir: "Bu kitab ensiklopediyadır və tarixi sənəddir. Bizim övladlarımızın keçdiyi döyüş yolu, qəhrəmanlığı bu nəşrlərdə yaşacaq". Şəhid Yalçın Rəhimovun atası Elçin Rəhimov da çıxış etdi və bildirdi ki, şəhid valideynləri gözlərinin ağı - qarası olan övladlarını vətənə qurban verib. "Oğullarımız öz sözlərini qanları ilə deyiblər. Bu kitablar da onların özlərini və sözlərini yaşadacaq". Şəhid atası bu kitabın nəşr edilməsinə görə, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasına təşəkkür etdi. Tədbirdə redaksiyanın "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında şəhid Məhəbbət Quliyevə həsr etdiyi sənədli film də təqdim edildi. Sonda "44-Gün-Tarixi zəfər"in III və IV cildləri şəhid ailələrinə təqdim olundu. İradə SARIYEVA Şamaxı









