İşğaldan azad edilmiş Ağdərə rayonunun Kolatağ kəndində xeyli sayda işçini əmək müqaviləsiz işlədən "Təməl Tikinti" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Sitat.info-nun Qaynarinfo-ya istinadən məlumatına görə, MMC-nin Kamal Əliyev adlı əməkdaşının fəaliyyət göstərdiyi iş yerində olarkən öz ehtiyatsızlığından xəsarət aldığı məlum olub.
Sözügedən iş üzrə Xocalı rayon prokurorluğunda aparılan araşdırma zamanı "Təməl Tikinti" MMC-də xeyli sayda işçinin əmək müqaviləsi olmadan işlədilməsi faktı aşarlanıb. Nəticədə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Şirkətin qanuni təmsilçisi Abdullayev Bəylər Tanırverdi oğlu bir çox hallarda MMC-də işləmək istəyən şəxslər işə başlamazdan əvvəl iş yerinə gəlib iş şəraiti, şərtləri ilə tanış olduqdan sonra əmək müqaviləsi bağlandığını deyib.
Məhkəmənin hökmü ilə şirkətin qanuni təmsilçisi Bəylər Abdullayev 20.000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, "Təməl Tikinti" MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin hüquqi ünvanı AZ1147, Bakı şəhəri Binəqədi rayonu, Adil Məmmədov 9 mkr, ev 11, m. 83 ünvanında yerləşir. MMC son 5 il ərzində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nın keçirdiyi milyonluq tenderlərin qalibi olub.