BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) İranda Ümumdünya İrs obyektlərinin zədələnməsi barədə məlumat alıb. Həmçinin ehtimal edilir ki, hərbi əməliyyatlar zamanı Livanın cənubunda yerləşən bir obyekt də zərər görmüş ola bilər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.
"Təşkilat fevralın 28-dən etibarən Ümumdünya İrs Siyahısına daxil olan bir sıra obyektlərin - Gülüstan sarayı, "Fars bağı" kompleksindəki Çehel-Sotun pavilyonu, İsfahandakı Məscid-e Came məscidi, həmçinin Xürrəmabad vadisinin qədim abidələrinin, bufer zonasının yaxınlığında yerləşən muzey kompleksinin binalarının zədələnməsi ilə bağlı bir-birini təsdiqləyən bir neçə məlumat alıb. Bu regionda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş digər obyektlər, o cümlədən Livanın Tir şəhərindəki arxeoloji qazıntılar da zərər görmüş ola bilər", - deyə təşkilatın rəsmi nümayəndəsi bildirib.
UNESCO münaqişə zonasındakı mədəni irs obyektlərinin qorunması ilə bağlı ciddi narahatlıq ifadə edib və təhlükə altında olan obyektlərin coğrafi koordinatlarını münaqişə tərəflərinin hamısına təqdim etdiyini açıqlayıb.
Təşkilat, həmçinin bildirib ki, davam edən döyüşlər səbəbindən ziyan dəymiş obyektlərin vəziyyətini qiymətləndirmək üçün hələlik Yaxın Şərqə mütəxəssislər göndərmək mümkün deyil.