AZ

İşsizliyə görə müavinəti kimlər və necə ala bilər?

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

İşini itirmək hər bir işçi üçün həm maddi, həm də mənəvi baxımdan çətin sınaqdır. Lakin müasir əmək bazarında dövlət tərəfindən təqdim olunan sosial müdafiə mexanizmləri bu keçid dövrünü daha yüngül keçirməyə imkan verir. Azərbaycanda işsizlikdən sığorta ödənişinin alınması prosesi son illərdə tamamilə rəqəmsallaşdırılaraq vətəndaşlar üçün maksimum dərəcədə sadələşdirilib. Artıq növbələrdə gözləməyə və onlarla sənəd toplamağa ehtiyac yoxdur, çünki bütün müraciət sistemi vahid elektron platforma üzərindən idarə olunur. Bu dəstəkdən yararlanmaq üçün sadəcə müəyyən edilmiş hüquqi prosedurları ardıcıllıqla yerinə yetirmək kifayətdir.Bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, işdən çıxarılan şəxs yalnız iki halda işsizlikdən sığorta ödənişi (müavinət) almaq üçün müraciət edə bilər:“Təəssüf ki, qanunvericiliyə görə belə hallar çox deyil. Birinci hal müəssisənin ləğv edilməsi və ya ştatların ixtisar olunması, ikinci hal isə əmək müqaviləsinin müddətinin başa çatmasıdır. Əslində əmək müqaviləsinə xitam verilməsinin 12-yə yaxın səbəbi var. Məsələn, şəxs öz xahişi ilə işdən ayrıldıqda, əmək müqaviləsinin şərtlərini pozduğuna görə işdən çıxarıldıqda, peşə və ya ixtisası vəzifəyə uyğun gəlmədikdə, attestasiya və ya sertifikasiyadan keçmədikdə bu hallarda işsizlik müavinəti verilmir. Bu səbəbdən yalnız iki halda, müəssisə ləğv edildikdə və ya ştat ixtisarı aparıldıqda, eləcə də əmək müqaviləsinin müddəti başa çatdıqda şəxs işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər”.O bildirib ki, lakin müraciət etmək həmin ödənişin mütləq veriləcəyi anlamına gəlmir:“Müraciət edən şəxsə iki dəfə iş təklif olunur. Əgər o, təklif olunan işlərdən imtina edərsə, bu halda ona işsizlik müavinəti təyin edilmir. Bununla belə, təklif olunan iş lazımi və uyğun iş olmalıdır. Yəni həmin iş şəxsin ixtisasına, peşəsinə və bacarıqlarına uyğun olmalıdır. Eyni zamanda iş yeri çox uzaq məsafədə yerləşməməlidir. Məsələn, 40-50 kilometr aralıqda yerləşən iş yerinə getmək real deyilsə, bu uyğun iş sayılmaya bilər. Şəxs işdən çıxarılması ilə bağlı əmr verildikdən dərhal sonra DOST Agentliyi mərkəzlərində və ya Dövlət Məşğulluq Agentliyi vasitəsilə işsiz kimi qeydiyyatdan keçməlidir”.Qeyd edək ki, ötən il ölkədə işsizlərin sayı 279,1 min nəfər olub. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin  2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 2026-cı il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub. Onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr