AZ

Kim daha çox müsəlmandır? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Baxıram ki, bəzi vətəndaşlarımız sosial mediada, bəzən birbaşa, bəzən də müxtəlif paylaşımların altında açıq şəkildə İran rejiminin mövqeyini müdafiə edir, onun xeyrinə kampaniyalar aparırlar.

Bəzən isə hətta bəzi sosial resursların belə addımlar atdığı, ictimai rəyi çaşdırmağa yönəlik addımlar atdığı müşahidə olunur.

Doğrusu, buna baxanda çox təəccüblənirəm və məəttəl qalıram.

Regionda amansız bir müharibənin getdiyi bir zamanda, Azərbaycana və Türkiyəyə İrandan dron və raket hücumlarının baş verdiyi, dövlət başçısının əmri ilə Azərbaycan Ordusunun döyüş hazırlığı vəziyyətinə gətirildiyi, sərhədlərin bağlandığı və diplomatik korpusun təxliyə olunduğu, eyni zamanda DTX-nın İranla əlaqəli terror şəbəkələrini zərərsizləşdirdiyi bir vaxtda bəzi insanlar sanki baş verənləri görmürmüş kimi davranırlar.

Sanki uzun illər Azərbaycana qarşı aqressiv mövqe sərgiləyən İran rejimi olmayıb. Sanki Azərbaycanın güclənməsini və regionda müstəqil siyasət aparmasını qəbul etmək istəməyən də onlar olmayıb. 30 il ərzində torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistana açıq və gizli dəstək verən sanki başqa bir dövlət olub. Uzun illər milyonlarla soydaşlarımızın azadlıq mübarizəsini boğan sanki bu rejim olmayıb.

Buna baxmayaraq, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bütün qonşuları ilə normal münasibətlərdə maraqlıdır. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisi heç bir ölkə tərəfindən İrana qarşı istifadə olunmayacaq.

Lakin Azərbaycanın ərazi bütövlüyünün pozulması və ölkəyə qarşı hər hansı hücum heç vaxt qəbul edilə bilməz.

Naxçıvana edilən dron hücumu ilə bağlı isə indiyədək İran tərəfindən ağlabatan və aydın izahat verilməyib.

Belə bir vəziyyətdə bəzi vətəndaşlarımız tərəfindən sosial mediada İran rejiminin təbliğatını aparmaq və onun mövqeyini müdafiə etmək ən azı milli maraqlarla uzlaşmayan davranışdır. Düşünürəm ki, indi çox ayıq-sayıq olmalı və milli maraqlara uyğun mövqe sərgilənməli bir məqamdır.

Əlbəttə, hər bir vətəndaşın sərbəst fikri ola bilər.

Amma məhz bu cür həssas bir dövrdə, regionun taleyinin müəyyənləşdiyi bir anda, Azərbaycanda yaşayıb onun vətəndaşı olaraq İran rejimi üçün açıq təbliğat aparmaq, onun maraqlarını müdafiə etmək və sosial mediada bu istiqamətdə təsir şəbəkəsi formalaşdırmağa çalışmaq heç bir dövlətdə qəbul edilən normal fəaliyyət deyil.

Özünə hörmət edən heç bir dövlət belə fəaliyyəti bağışlamaz.

Bəlkə indi baş qarışıqdır, amma unutmaq olmaz ki, hər şeyin izi qalır.

Müsəllim Həsənov, jurnalist:

- BİLİRDİNİZMİ Kİ,

... 1827-ci ilin iyulunda Rusiya diplomatı Aleksandr Qriboyedovla İran şahzadəsi Abbas Mirzə arasında müharibəni dayandırmaq barədə gərgin müzakirə gedib?

1826-1828-ci illərin Rusiya-İran müharibəsini nəzərdə tuturam...

Şahzadə Rusiya diplomatının sülh bağlamaq üçün irəli sürdüyü şərtləri qəbul etmək istəmir.

Onda Qriboyedov elan edir ki, ...əgər biz bir az da irəli gedib Azərbaycanı tutsaq, ona İrandan tam müstəqillik verəcəyik. Heç kimə də imkan verməyəcəyik ki, Azərbaycanın sərhədinə yaxınlaşsın. Bu vilayət bizim 20 min əsgəri yedirdə bilər.

Qriboyedov daha sonra deyir:

Azərbaycan müstəqil olandan sonra imzaladığı traktata əməl etməyən İranla siyasi əlaqələrimizi həmişəlik kəsəcəyik...

Danışıqlar nəticə vermədiyi üçün general Paskeviç Təbrizə hücum planı hazırlayır...

lll

- BİLİRDİNİZMİ Kİ,

... Rusiya-İran müharibəsinin gedişində - 1827-ci il oktyabrın 13-də general Paskeviçin başçılıq etdiyi rus qoşunları Təbrizi tutub?

Və general Təbrizin alınmasından dərhal sonra İrandan tələb etdiyi təzminatın məbləğini, demək olar ki, əlli faiz artırıb. Elan edib ki, əgər əvvəllər biz müharibəyə görə 20 milyon gümüş rus pulu tələb edirdiksə, indi bu rəqəm 30 milyona qaldırılır!

Paskeviç oktyabrın 29-da imperator I Nikolya raport yazır:

...Bütün pullar ödənilənə qədər Azərbaycan vilayəti girov kimi birbaşa Rusiya idarəçiliyində saxlanılacaq.

General raportunda bütün Azərbaycanın Rusiyaya birləşdirilməsinin əhəmiyyətini əsaslandırır və imperatora sual verir: "Əgər Əlahəzrət imperator Azərbaycan vilayətini Rusiyaya birləşdirməyə icazə verərsə, onda biz bu vilayəti Rusiyaya hansı statusla birləşdirək?"

lll

- BİLİRDİNİZMİ Kİ,

...1827-ci ilin oktyabrında (Rusiya-İran müharibəsi) Paskeviçin başçılıq etdiyi rus qoşunları Təbrizə müqavimətsiz daxil olub?

Təbrizin müctəhidi Ağa Mirfəttah fətva verir ki, yalnız bir çıxış yolu var: rus fatehin iradəsinə tabe olmaq!

Bundan sonra müctəhidin göstərişi ilə Təbriz şəhərinin darvazaları rus ordusunun üzünə açılır...

Rus hərb tarixçisi Vasili Pottonun yazdığına görə, Paskeviç Təbrizə zəfər marşı ilə daxil olur. Şəhərin din xadimləri və bəyləri onu Təbrizin kənarında bayram libasında qarşılayırlar.

Şərq adətlərinə uyğun olaraq ayağının altında qurban kəsilir...

İran tarixçisi Əminə Pakrəvan:

"General Paskeviçin Təbrizə girərkən qarşısında qurban kəsilməsi Abbas Mirzənin qüruruna toxunmuşdu. Bilirdi ki, bütün bunların hamısını Mirfəttah təşkil edib..."

General Paskeviç Təbriz şəhərinin açarını təntənəli şəkildə qəbul edir və... şəhərə komendant təyin edir!

Sizcə, kimi?

Günel Mövlud, yazıçı:

- Bir neçə ay əvvəl uşaqlarımın məktəbindən xəbər gəldi. Dedilər ki, hər ikisi bundan sonra həftədə bir dəfə dərsdən sonra evə gəlməyəcək. Dərs bitəndə bir universitet tələbəsi gəlib, onları müxtəlif yerlərə aparacaq. Oyun zalı, hovuz, kafe, kitabxana, boulinq və s. Uşaqlar bir neçə saat tələbə ilə vaxt keçirib, axşam evə qayıdacaqlar.

Tam başa düşmədiyim üçün, bu məsələnin mahiyyəti barədə daha çox məlumat istədim. Məlum oldu ki, Norveç təhsil sistemi yeni proqrama başlayıb. Universitetlərlə orta məktəblər arasında əməkdaşlıq. Bağça, məktəb müəllimliyi, ailə və uşaq məsələləri ilə bağlı fakültələrdə oxuyan tələbələr ilk kurslardan təcrübə keçir. Özlərinə məktəblərdən uşaq seçir, o uşaqla həftədə bir dəfə vaxt keçirirlər. Tələbə o uşağın mentoru olur.

Bu vaxt ərzində mentor öz uşağı ilə vaxt keçirdiyi bütün ödənişli yerlərin (Norveçdə oyun zalları, kino biletləri, hovuz - hamısı çox bahadır) pulunu isə proqram dövlət büdcəsindən ödəyir.

İndi neçə aydır uşaqlarım hər həftə öz mentorları ilə gedib əylənir və söhbət edirlər. Mənim də özümə ayırmağa vaxtım olur. Onlar evə qayıdandan sonra da axşam boyu nələr etdiklərini, necə əyləndiklərini həvəslə danışırlar.

Bu proqrama görə həm tələbə aylarla, illərlə uşaqlarla ünsiyyətdə olub təcrübə toplayır, həm şagird telefondan uzaq, əyləncəli və təhlükəsizlikdə vaxt keçirir, həm də valideyn özünə vaxt ayırır. Hamıya faydalı, hamı da məmnun...

Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru:

- Azərbaycanın İrana göndərdiyi humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildi

Azərbaycan Qəzza üçün 2 milyon dollar bir, 50 min dollar bir,   COVID-19 pandemiyası ilə mübarizə üçün Fələstinə 300 min dollar bir, 200 min dollar bir, 5 milyon dollar bir, ümumilikdə 10 milyon dollar maliyə və o qədər pul edən ərzaq, dərman və sairə göndərib. Yeganə Fələstin dövlətinin nümayəndəliyi bizdədir ki, Azərbaycan dövlətinin maliyyəsi ilə fəaliyyət göstərir.

Türkiyəyə bərpa işləri üçün 100 milyon ABŞ dolları vəsait ayrılıb. Kahramanmaraşda "Azərbaycan Məhəlləsi" salınır, məktəblər və yaşayış binaları tikilib.

Pakistanda baş vermiş şiddətli sel fəlakətinin fəsadlarını aradan qaldırmaq üçün 2 milyon dollar birbaşa yardım edilib. Ümumilikdə isə müxtəlif layihələrə (təhsil, səhiyyə) 7 milyon dollardan çox dəstək göstərilib.

Suriyadakı humanitar vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən 200 ton humanitar yardım (qida, geyim və s.) göndərilib.

Hələ digər ölkələr, İndoneziya, Banqladeş, Afrika ölkələri və sairələri demirəm. Ukrayna və digər xristian ölkələrin də demirəm.

Bizi ittiham edən "müsəlman"  ölkələri, başda Türkiyə olmaqla digərləri. İndi suala cavab verin: Kim daha çox müsəlmandır?

Nadir Yalçın, jurnalist:

- Həmid Herisçinin əleyhinə başladılmış iyrənc kampaniyanı qınayıram.

Həmid Herisçi ABŞ-İran-İsrail münaqişəsindən bir neçə həftə əvvəl təsadüfi görüş zamanı mənə Təbrizə gedəcəyini dedi. Həmin vaxt İranda xalq-hakimiyyət qarşıdurması mövcud idi, mitinqlər davam edirdi və xeyli İran vətəndaşı qətlə yetirilmişdi. Mən ona bu at izi it izinə qarışmış vaxtda Təbrizə getməməyi tövsiyə etdim.

Həmid Herisçini tanıyanlar bilir; o, yerlə-göylə əlləşən, bəzən şairliyinə sığının divanətəhər düşüncələrlə çıxışlar edən, heç kimə bənzəməyən qənaətləri olan adamdır. Əslən təbrizli olan atası Qafar Kəndli Azərbaycan Demokrat Firqəsinin üzvü olub və "21 Azər" hərəkatında fədai kimi iştirak edib. Azərbaycan Milli Hökuməti dövründə mətbuatda məqalələri ilə çıxış edib.

Həmid Herisçi bütün ruhu, ürəyi, canı-qanı ilə təbrizlidir. Təbrizi canından artıq sevir. Tez-tez "Təbrizsiz Bakını, Bakısız Təbrizi təsəvvür etmək olmaz" deyir. Ara-sıra Təbrizə gedib gəzir-dolanır.

İndi də Təbrizə gedəndən bir müddət sonra ABŞ-İran-İsrail münaqişəsi başladı. Bu günlərdə iki videomüraciətini izlədik. Birində Təbrizdəki real vəziyyətdən, mənzərədən söhbət açır. Digərində İranın Naxçıvana hava zərbəsindən danışır.

Birincisi, videodan belə nəticəyə gəlmək mümkündür ki, Həmid Herisçinin internetə çıxışında əngəl olduğundan o, hazırda Təbrizdən bura ilə bağlı dəqiq və ətraflı məlumat ala bilmədiyindən məsələdən dəqiq hali deyil. Prezident İlham Əliyevin çıxışından, DTX-nin dünən axşam yaydığı əməliyyatından, İranın hücumunun təsdiqlənməsindən xəbərdar deyil. Ona görə də "məsələni dəqiq araşdırmaq lazımdır" deyir. Təbrizdə dildən-ağızdan eşitdiklərini deyir.

İkincisi deyir, Təbriz Bakıya təsəlli verir. Bu cümlədə pis nə var?

Həmid Herisçinin xüsusi pis niyyətinin olduğuna, onun xüsusi İran təəssübkeşliyinə qəti inanmıram, sadəcə güney azərbaycanlı kimi, bir az da şair havası ilə "Təbrizdən Bakıya körpü" intonasiyasına hörmət edirəm.

Və sonda... O gün saxta medal düzəldib alverlə məşğul olan QHT sədri Rasim Məmmədov Həmid Herisçi haqqında hədyan danışırdı. Həmid Herisçi indinin Həmidi deyil. Həmidin bir şeiri qədər Azərbaycana xeyiri olmayan adam öz ayıbına kor olub dilini dinməz saxlaya bilmir və ikrah yaradır.

Və lap sonda... AYB-nin güney şöbəsinə Sayman Aruz rəhbərlik edirdi. Bu yaxınlarda söz-söhbət yarandı. Aruzu çıxarıb yerinə Sabir Rüstəmxanlını təyin etdilər, müavini də Həmid Herisçi seçildi. Feysbukda bəzi paylaşımlarda Həmidin əleyhinə donoslar paylaşırlar. Güneyli Əli Çağla ilə (Sayman Aruz qalmaqalının baiskarı) Həmir Herisçinin xüsusi əlaqələrindən yazırlar və ritorikadan o hiss olunur ki, guya Həmid Herisçi Əli Çağla ilə xüsusi bir layihənin qurbanlarıdır.

Ayıbdı. Donos yazanda da elə bir üslub seçin ki, kimliyiniz gizli qalsın.

Vüqar Yaqublu, cərrah:

- Bəlkə də ətrafımızda müharibələr gedərkən, Naxçıvana dronlar atılan dövrdə belə bir mövzudan danışmaq qəribə görünə bilər. Amma həyat davam edir və dövlətin gücü mütləq qeyd etmək istədiyim məhz belə xırda, lakin çox vacib nüanslarda görünür.

Dünən Azərbaycan Dəmir Yolları ilə Qazaxdan Bakıya gəlirdim. Təəssüf ki, qatarda bir elektron avadanlığımı unutmuşdum. Təxminən bir saat sonra geri qayıtdım. Problemi izah etdim və telefonumda cihazın yerini də göstərdim. Orada çalışan gənc bir xanım mənimlə birlikdə gəldi və məlum oldu ki, cihaz artıq əməkdaşlar tərəfindən tapılıb və qorunaraq saxlanılıb. Azərbaycan Dəmir yollarına bu profesionallığına görə təşəkkürlər!

Bu, bəlkə də kənardan adi görünə bilər. Amma əslində dövlət mədəniyyətinin, məsuliyyətin və peşəkarlığın kiçik, lakin çox vacib bir göstəricisidir. Təmizlik işçisindən tutmuş hər bir əməkdaş öz təşkilatının nüfuzunu qorumağa çalışır. Məhz belə yanaşma inkişaf edən bir ölkənin göstəricisidir. Təhsilimizdə, elmimizdə, səhiyyəmizdə və digər sahələrdə də bu peşəkarlıq artdıqca dövlətimiz daha da güclənəcək!

Belə məqamları görüb, təqdir etmək də bizim borcumuzdur.

İnanıram ki, Allahın köməyi, dövlətimizin qətiyyətli duruşu və çevikliyi ilə bu çətin müharibə dövrünü də keçəcəyik və Azərbaycan ətrafımızdakı xalqlara nümunə olacaq bir dövlət kimi daha da möhkəmlənəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
525.az

1Mənbələr