AZ

MAQATE: Yaxın Şərqdə nüvə obyektləri təhlükədədir

MAQATE: Yaxın Şərqdə nüvə obyektləri təhlükədədir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi Yaxın Şərqdəki nüvə obyektlərinin vəziyyətinin son dərəcə kritik olduğunu bildirib.

AFN.az xəbər verir ki, Qrossi Moskvada Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçovla birlikdə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Regiondakı nüvə infrastrukturunun təhlükəsizliyi ilə bağlı suala cavab verən Qrossi, nüvə amilinin ön plana çıxdığı yeni bir münaqişə dalğasının şahidi olduqlarını və vəziyyətin çox həssas olduğunu vurğulayıb. Sülh ilə müharibə arasında incə bir xətt üzərində hərəkət edildiyini qeyd edən agentlik rəhbəri, davam edən hərbi əməliyyatların ən qısa zamanda başa çatacağına ümid etdiyini bildirib.

Zaporojye Atom Elektrik Stansiyasındakı mövcud duruma toxunan Aleksey Lixaçov isə müəyyən şərtlər daxilində Ukrayna da daxil olmaqla, müxtəlif istiqamətlərə elektrik enerjisinin verilməsinin müzakirə oluna biləcəyini qeyd edib. Stansiyanın yüksək enerji istehsalı potensialına malik olduğunu deyən Lixaçov, bu layihələrdə ABŞ-ın da tərəfdaş kimi iştirakının mümkünlüyünü diqqətə çatdırıb.

İrandakı nüvə fəaliyyətləri barədə də danışan Lixaçov, Tehranın nüvə silahı hazırlamasına dair hər hansı bir rəsmi və ya qeyri-rəsmi sübuta malik olmadıqlarını vurğulayıb.

Seçilən
26
afn.az

1Mənbələr