AZ

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 mart, AZƏRTAC

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz geniş və coşqu ilə qeyd edilir. Bu münasibətlə paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilir. Bu şənliklər öz kütləviliyi ilə seçilir.

AZƏRTAC xəbər verir ki, Novruz bayramı paytaxtın Nizami və Yasamal rayonlarında yerləşən, Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər Novruz bayramını yüksək sevinc hissi ilə qeyd ediblər. Həyət boyunca xonçalarda Novruz şirniyyatları, meyvələr düzülüb, xanımlar iştirakçıları milli yeməklərimiz olan plov və qutablara qonaq ediblər. Uşaq İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.

Bayramda müğənnilər müxtəlif mahnılar səsləndirib, milli geyimli uşaqlar rəqs edib, idmançılar, kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərib, alov-şou nümayiş etdirilib. Novruzun əsas personajları olan Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər. Uşaqlar və iştirakçılar yumurta döyüşdürüblər.

Qeyd edək ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyət yaradılaraq sakinlərin istifadəsinə verilib. Novruz ərəfəsində abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abı-havası yaradılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
9
azertag.az

10Mənbələr