AZ

Anar Quliyev: WUF13 çərçivəsində ilk dəfə Liderlər Sammiti keçiriləcək

BAKI, 14 mart. TELEQRAF

Bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu bir çox ilklərlə yadda qalacaq və tarixi xarakter daşıyacaq.

Teleqraf xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev forumun on üçüncü sessiyasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə təşkil olunacaq bu qlobal tədbir çərçivəsində ilk dəfə Liderlər Sammiti baş tutacaq.

A.Quliyev qeyd edib ki, bu addım mənzil təminatı və şəhər inkişafının artıq texniki məsələ deyil, strateji prioritet kimi ən yüksək səviyyədə müzakirə olunmasına imkan verəcək:

“Bakı Olimpiya Stadionunda keçiriləcək forum 40-dan çox əsas sessiyanı və 350-yə yaxın tərəfdaş tədbirini özündə birləşdirəcək. Eyni zamanda, 35 min kvadratmetrlik ərazidə qurulacaq "Urban Expo" sərgisində startapların və innovativ mənzil modellərinin təqdimatı üçün xüsusi hab yaradılacaq”.

Hazırlıq işlərinin yekun mərhələdə olduğunu deyən komitə sədri, artıq 169 ölkədən 15 minə yaxın iştirakçının qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.

O, iştirakçılar üçün “wuf13.az”portalının fəaliyyət göstərdiyini və bütün loqistik detalların bu platforma üzərindən tənzimləndiyini əlavə edib.

Seçilən
23
teleqraf.com

1Mənbələr